Əsas Səhifə > Manşet / Təhsil > BDU-nun Qazax filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

BDU-nun Qazax filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib


31-03-2022, 14:15

Bəşər tarixinin ən qanlı səhifələrindən biri - 31 Mart soyqırımıdır. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü silsilə tədbirlərlə qeyd olunub. 

Martın 31-də Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən elmi-praktik konfrans keçirilib. 

BDU-nun Qazax filialında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində 31 Mart soyqırımına aid məlumatları özündə əks etdirən kitablardan ibarət guşə ilə tanış olublar.





Sonra Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 31 Mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.






BDU-nun Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təşkil olunmuş konfransın əhəmiyyətindən danışıb. Konfransda iştirak etdiyinə görə rayon rəhbərliyinə filialın müəllim-tələbə heyəti adından minnətdarlığını bildirib. 31 Mart soyqırımından söz açan direktor müavini xalqımızın qan yaddaşı olan həmin soyqırımın heç zaman unudulmayacağını bildirib. Soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən danışan M.Yusifov bütün sahələrdə olduğu kimi, bu işlərin də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. 31 Mart soyqırımına, 1900-cı ildə baş verən qanlı 20 Yanvar hadisələrinə, 26 Fevral - Xocalı faciəsinə siyasi-hüquqi qiymətin ilk dəfə Ümummilli Lider tərəfindən verildiyini, bütün bu faciələrin gələcək nəsillərə çatdırılması işinin dahi şəxsiyyətin təşəbbüsü ilə reallaşdığını vurğulayıb. M.Yusifov bugünkü konfransın bütün bu faciələrin xalqımızın həyatında bir daha təkrarlanmaması, həmin hadisələrin dərindən öyrənilib təhlil olunması, xalqa, dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gənclərə səslənən fikirlərdən öyrənmələrini, gələcək nəsillərə ötürülməsi, ən əsası da tarixi keçmişimizin unudulmaması üçün böyük səylə çalışmalarını söyləyib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, soyqırımla bağlı fikirlərini bölüşüb. İcra başçısı bildirib ki, XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bütün bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqrımı siyasətinin qanlı səhifələridir. 

İcra başçısı bildirib ki, Muğanın azərbaycanlı kəndlərini yandırmışdılar. Əhalinin bir hissəsi yalnız qaçmağa macal tapmışdı. Zamanla öyrəndik ki, eyni günlərdə - 1918-ci il mart ayının 31-dən aprel ayının 2-nə kimi eyni tükürpədici qətliam olayları Bakı, Gəncə, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan, Şamaxı, Salyan, Quba və başqa bölgələrdə, eləcə də Şərqi Anadoluda və Cənubi Azərbaycanda da eyni minvalla törədilibmiş. Lakin Azərbaycanın müstəqillik dönəmində - 1998-ci il 26 mart tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu fərmanla Mart soyqırımına siyasi qiymət verildi. Bununla da Mart soyqırımının ayrı-ayrı detalları tədqiqatçılar tərəfindən üzə çıxarılaraq, onun ölkəmizdə və bütün dünyada yayılmasına başlanıldı. 

Zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açan rayon rəhbəri 31 Mart soyqırımının, 20 Yanvar faciəsinin, Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu söyləyib. İcra başçısı bildirib ki, ölkə Prezidentinin Xocalı faciəsinin 30-cu ildönümünün qeyd edilməsi ilə bağlı imzaladığı 28 yanvar 2022-ci il tarixli sərəncamda da qeyd etdiyi kimi: "Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı”. Lakin nə dövlət, nə də xalq olaraq əyilmədi, sınmadı, illər keçdikcə daha da gücləndi, qüvvətləndi, qisas naminə daha güclü, qüdrətli dövlətə çevrildi. 2020-ci ildə cəmi 44 günə başa vurduğu müharibədə əldə etdiyi tarixi Qələbə ilə də bunu bütün dünyaya bir daha nümayiş etdirdi. 

"31 Mart soyqırımı, Xocalı, Bağanıs Ayrım faciəsi, eləcə də digər faciələr bizim keçmişimiz, dünənimiz, bu günümüz və sabahımızdır”, - deyən icra başçısı nə qədər Azərbaycan xalqı var həmin faciələrin heç zaman unudulmayacağını vurğulayıb. Xalqımızın əldə etdiyimiz qələbəni xatırladığı kimi, tarixi keçmişimiz olan faciələri də hər zaman xatırlayacağını söyləyib. Xocalıda, Bağanıs Ayrımda törədilən vəhşiliklərin bizim qan yaddaşımız olaraq bir an belə olsun unudulmayacağını diqqətə çatdırıb.

İcra başçısı vətəndaş olaraq hər birimizin şəhidlərimizin, faciə qurbanlarının qisasını alan, qanını yerdə qoymayan şanlı ordumuzun əsgər və zabitlərinə, onlara rəhbərlik edən Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin "Şəhidlərimizin, şəhid ailələrinin qarşısında baş əyirəm!” söyləməsinin, Birinci vitse-prezident Mehriban Əliyevanın "Qazlərimizin yarası bütün Azərbaycan xalqının, Azərbaycanın yarasıdır!” deməsinin bu gün ölkə vətəndaşı olaraq hər kəsə örnək və nümunə olduğunu qeyd edib. 

İcra başçısı sonda bir daha gəncləri, tələbələri tarixi keçmişimizi xalqımızın başına gətirilən müsibətləri, soyqırımları unutmamağa çağırıb, bu istiqamətdə həyata keçirilən işlərdə yaxından iştirak etməyi tövsiyə edib.  


Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov "Məkrli erməni siyasəti. Mart soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış edib. 31 Mart soyqırımının Azərbaycan tarixinin ən qaranlıq səhifələrindən biri olsa da, lakin müstəqillik qazandıqdan sonra həmin səhifələrin işıqlandırılması, Azərbaycan tarixinə yenidən baxış və hər bir hadisənin öz adı ilə çağırılması ən mütərəqqi hallardan biridir. Bu mütərəqqilik üçün biz Azərbaycan dövlətinə, onun yaradıcısına minnətdar olmalıyıq. M.Süleymanov 31 Mart soyqırımının başvermə səbəblərindən, xalqımıza qarşı törədilən qətliamlardan danışaraq gənclərə dolğun məlumatlar çatdırıb. Çoxsaylı müsibətlərə rəğmən xalqımızın heç zaman sınmadığını, əyilmədiyini, daim əzmlə, qürurla bütün müsibətlərə sinə gərdiyini qeyd edib. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi zamanı da bir daha şahidi olduğumuzu vurğulayıb. Gəncləri əldə etdiyimiz şanlı Zəfərlə yanaşı, tarixi keçmişimizi də gələcək nəsillərə ötürməyi tövsiyə edib.

Sonra filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova "Cənubi Azərbaycanda erməni soyqırımı”, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimləri Türkan Məmmədova "Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda”, Əfranə Həsənli "Tariximizin sağalmayan yarası - 31 Mart soyqırımı”, Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova "31 mart–tarixi yaddaşımızdan silinməyən soyqırım” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 104 il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum təsis edildi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.





Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında isə 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdı. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə yetirildiyi məlum olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. 

Bildirilib ki, Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 

Çıxış edənlər vurğulayıblar ki, ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğın epidemiyası 1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə eməni-müsəlman davası”, Məmməd Səid Ordubadi isə "Qanlı sənələr” adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoyublar. Cəfər Cabbarlı ailəsi ilə birlikdə soyqırımı yaşamış insan kimi bunu "Əhməd və Qumru” hekayəsində və digər əsərlərində qeyd etmişdir. Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn, Bəstəkar Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər sənətkarların, söz adamlarının mart faciəsinin şahidləri olduqları, bu mövzularda müxtəlif səpkili əsərlər yazdıqları oxculara məlumdur. Çıxışlarda qeyd edilib ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin "böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

GOYEZEN.AZ


Geri qayıt