Əsas Səhifə > Manşet / Şəhidlər > “Bağanıs Ayrım qətliamı qan yaddaşımızdan heç vaxt silinməyəcək!” mövzusunda tədbir keçirilib
“Bağanıs Ayrım qətliamı qan yaddaşımızdan heç vaxt silinməyəcək!” mövzusunda tədbir keçirilib24-03-2022, 21:42 |
Martın 24-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş "Bağanıs Ayrım qətliamı qan yaddaşımızdan heç vaxt silinməyəcək!” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bağanıs Ayrım kənd sakinləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında memorial önünə gül dəstələri düzərək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər. Onların müqəddəs ruhlarına dualar oxunub.
Daha sonra YAP Qazax Rayon Təşkilatının akt zalında davam etdirilən tədbirdə Bağanıs Ayrım qətliamı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təşkilat sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, son 200 il ərzində mənfur qonşular tərəfindən dəfələrlə xalqımıza qarşı faciələr, soyqırımlar, qətliamlar törədilmişdir. Onlardan ən dəhşətlilərindən biri də 1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törədilən bir ailənin qətliamıdır. Belə ki, xarici havadarlarının dəstəyi ilə erməni silahlı birləşmələri qəfildən kəndə hücum edərək bir ailənin 5 nəfər üzvünü ocağa ataraq diri–diri yandırmışlar. Ən dəhşətlisi də odur ki, onların içərisində 39 günlük körpə də olmuşdur. Bundan başqa, bir nəfər kənd sakinini və bir nəfər polis işçisini də amansızlıqla qətlə yetirmişlər. Bu qətliam XX əsrin sonunda xalqımıza qarşı törədilən dəhşətli soyqırım aktı kimi tarixə düşmüşdür. Azğınlaşmış ermənilər kəndi yerlə-yeksan etmişlər. Bu faciəni xalqımız heç zaman unutmayacaqdır.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb. Qeyd edib ki, bədnam ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələri heç zaman unutmuruq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Soyqırım qurbanlarının, şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı.
Tədbirdə Bağanıs Ayrım kənd sakini, qətliamın canlı şahidi olmuş Səməd Ocaqverdiyev çıxış edərək ürək ağrısı ilə erməni vəhşiliyindən, erməni qəddarlığından danışıb. Yaxın zamanlarda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində doğma Bağanıs Ayrım kəndinə qayıdacaqlarına inandığını və böyük əminliyini bildirib. Tədbirin sonunda Qazax şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında qətliama həsr olunmuş şeir kompozisiyası səsləndirilib. Tədbirdə fəal iştiraklarına görə bir neçə şagird YAP Qazax Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.
GOYEZEN.AZ Geri qayıt |