Müasir Azərbaycan ədəbiyyatının formalaşmasında, ideya
saflığı və bədii kamillik uğrunda mübarizələrində, bugünkü yüksək zirvələrə
çatmasında görkəmli Xalq yazıçısı, nəzəriyyəçi və tənqidçi Mehdi Hüseynin böyük
rolu olmuşdur.
Yurdumuza baharın qədəm qoyduğu bir vaxtda dünyaya
gələn Mehdi Hüseynin anadan olmasının 113 illiyiFəxri xiyabanda məzarı başında qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar
müəllim, professor İlham Pirməmmədov, Atatürk Mərkəzinin direktoru,
Milli Məclisin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami
Cəfərov, Xalq yazıçısı İsmayıl
Şıxlının oğlu Azərbaycan
Jurnalistlər Birliyinin sədri, "Ayna",
"Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru Elçin Şıxlı, İctimai Birliyin üzvləri, Mehdi Hüseyn sevərlər görkəmli ədibin məzarını ziyarət
ediblər.
Tədbir iştirakçıları ədibin məzarı üstünə
tər qərənfillər düzərək əziz xatirəsini dərin hörmətlə anıblar.
Çıxış edənlər Mehdi Hüseynin həyat və fəaliyyətindən söz açıblar.
Qeyd olunub ki, qüdrətli söz ustası Mehdi Hüseyn sözün əsl mənasında ədəbiyyat
fədaisi idi. Bu, şöhrətli sənətkarın, alovlu publisistin, görkəmli dövlət
xadiminin keçdiyi şərəfli həyat yolu, yaradıcılıq yolu ictimai varlığın bədii
ifadəsi olan ədəbiyyatımızın böyük bir qolu və ayrılmaz hissəsidir. Bu gün də
Mehdi Hüseyn ədəbiyyat tariximizdə mübariz bir tənqidçi kimi yaşayır. Azərbaycan ədəbiyyatının inkişafında, yeni mövzularla zənginləşməsində,
ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth
etməsində xüsusi yeri olan Xalq yazıçısı, dramaturq, ictimai xadim, tənqidçi
Mehdi Hüseyn illər ötsə belə
heç zaman unudulmayacaq.
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk
hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət
mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın"
romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan"
romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə "Nişan
üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini
yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını
"Abşeron" romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram
əsərlərində: "Cavanşir", "Nizami", "Şamil"
görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş
dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında
bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi. O, Azərbaycan yazıçısı,
dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ
Dövlət mükafatı laureatıdır (1950). Azərbaycan Dövlət Universitetinin pedaqoji
fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu
yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan
Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları
İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar
İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin
katibi (1958–65) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk
tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi
("Qoyun qırxımı") isə 1927 ildə dərc edilmişdir. "Bahar
suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə
Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün
koloriti əksini tapmışdır. "Tunel" (1927), "Qan intiqamı"
(1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi
Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Azərbaycan
ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) pəşəkar
inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan
"Səhər" (1953), "Tərlan" (1940), "Vətən
çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945),
"Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların
mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən
"Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara
daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966)
romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından
diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram
yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlamışdır.
"Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında
Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur.
"Alov" (1961), "İntizar" (1944, İ.Əfəndiyevlə birgə),
"Şamil" (1940–41) və "Qardaşlar" (1948) pyesləri, habelə
xatirələri, yol qeydləri "Bir ay və bir gün" (1963), gündəlikləri
var. "Şair" (1939), "Fətəli xan" (1947, Ə.Məmmədxanlı ilə
birgə), "Səhər" (1958), "Qara daşlar" (1958) kino
ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də
fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə
olunmuşdur.
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci
ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey
var.
GOYEZEN.AZ
Geri qayıt
|