Əsas Səhifə > Manşet / Şəhidlər > Ürəklərdə yaşayan Qaratel...
Ürəklərdə yaşayan Qaratel...16-08-2017, 14:22 |
Bu gün Qarabağ müharibəsi şəhidi, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş Qaratel Şəmi qızı Hacımahmudovanın doğum günü qeyd olunub. Qazaxdakı Şəhidlər Xiyabanında bu münasibətlə keçirilən tədbirdə Q.Hacımahmudovanın qohumları, yaxınları və həmkəndliləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edib. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və tədbir iştirakçıları Q.Hacımahmudovanın xiyabandakı şəkli önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Sonra Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək Qazax rayonunda mənfur qonşularımıza qarşı aparılan mübarizədən, bu yolda rayonun 283 şəhid verməsindən söz açıb. Qeyd edib ki, qazaxlılar öz torpaqlarını mərdliklə qorumuş və bu yolda canlarından belə keçmişlər. Ulu öndər Heydər Əliyev bu şücaəti yüksək qiymətləndirərək demişdir: “Siz, əziz qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız”. Bu qiymətli sözlər rayon sakinlərinə verilən ən böyük dəyərdir. Bildirib ki, şəhidlər qəbiristanlıqları səliqə-sahmana salınıb, bu müqəddəs yerlər onların adlarına layiq hala gətirilib. Şəhərdəki, Daş Salahlı, Yuxarı Salahlı, Çaylı, Xanlıqlar kəndlərindəki şəhidlər qəbiristanlıqları əsaslı şəkildə yenidən qurulub. Dayandığımız bu yerdə hazırda Şəhidlər Xiyabanı salınır və yaxın vaxtlarda bu iş başa çatdırılacaqdır. Tədbirin aparıcısı AYB Qazax zona filialının sədri Barat Vüsal Q.Hacımahmudovanın keçdiyi şanlı həyat yolundan danışaraq qeyd edib ki, Qaratel 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub. O, Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. Qaratel Aşağı Əskiparada müharibə getdiyindən öz kəndlərində kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulub. O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Qaratel həm də döyüşçülərlə birgə səngərdə bərabər döyüşürdü. 1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti dəfə kəndə hücuma keçəndə düşmənlə qeyri-bərabər döyüşdə Qaratel əsir düşür. O, düşmən əlinə sağ keçməmək üçün özünü öldürür. Q.Hacımahmudova ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olumuşdur. Sonra Şəhid Ailələri və Qarabağ Müharibəsi Veteranları İctimai Birliyi Qazax rayon şöbəsinin sədri Xasay Balayev, şəhidin adını daşıyan məktəbin direktoru Yeganə Göyüşova, Qaratelin döyüş yoldaşı Nəsib Nəsibov çıxış edərək Q.Hacımahmudova ilə bağlı xatirələrini danışıb, ürək sözlərini söyləyiblər. Şairlərdən Zaməddin Ziyadoğlu, Məzahir Yaqublu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu Qaratelə həsr etdikləri şeirlərini oxuyublar. Şəhidin adını daşıyan məktəbli şagirdlərin ifasında Vətənə, Qarabağa, şəhidlərə həsr olunmuş şeirlər səslənib. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq Q.Hacımahmudovanın, eləcə də Vətən yolunda qurban gedən bütün şəhidlərin xatirələrinin qəlblərdə əbədi yaşadığını, onların ölməz olduğunu bir daha qeyd edib. Elçin İSMAYIL Geri qayıt |