Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad olunub
Qazaxda Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad olunub15-03-2022, 14:43 |
Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il illər keçsə də hər zaman tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin il qüdrətli Azərbaycan dövlətinin erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə yadda qaldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi möhtəşəm Qələbəni hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Müasir tariximizə qızıl hərflərlə həkk olan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası da qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdar olacağıq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin üzərinə düşən ən ümdə işdir. 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın da igid, mərd oğulları döyüşdə əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsini fəth etdilər. Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də əsirgəmir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqəti iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə bu dəfə Vətən müharibəsində iştirak edən Qazax rayonunun Çaylı, Bala Çaylı, Fərəhli və Qızılhacılı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarını ziyarət edən icra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dua oxunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin bu gün hər kəsin fəxr, qürur yeri olduğunu bildirib. Müstəqil Azərbaycan dövləti, xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. "Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva, şəhid kiçik çavuş Əhməd Məmmədovun atası Nazim Məmmədov hər zaman onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda unudulmamasını, yad olunmasını razılıq hissi ilə qarşılayıblar. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər. Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlunun məzarı
Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun məzarı
Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun məzarı
Aprel döyüşlərinin qəhrəmanı, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmiş, Fərəhli kənd sakini, şəhid kapitan Orucov Mühüd Qurban oğlunun məzarı
Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qızılhacılı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlunun məzarı
GOYEZEN.AZ Geri qayıt |