Hörmətli xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə
ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə
uğurlar arzulayıram.
Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş,
xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır.
Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin
sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə
yaşamasında onun əməyi misilsizdir.
Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının
ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə
geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və
cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları
maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində
qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox
sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər
olduqlarını əməli surətdə sübuta yetirmişlər.
Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını
milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki
nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci
yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü
yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz
öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin
zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində
sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir
dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində
rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.
Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması
zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad
edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş
hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər
analarına xoş arzularımı yetirirəm.
Əminəm ki, Azərbaycan qadını bundan sonra da
ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik
salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2022-ci il
Geri qayıt
|