Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Dövlətimizin aqrar sahəyə qayğısı fermerləri ruhlandırır

Dövlətimizin aqrar sahəyə qayğısı fermerləri ruhlandırır


11-08-2017, 13:00
Dövlətimizin aqrar sahəyə qayğısı fermerləri ruhlandırır
Qazaxdakı Gənclər Mərkəzində Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Respublika Müşavirəsi ilə bağlı toplantı keçirilib.
Toplantını Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açaraq bildirdi ki, avqust ayının 4-də Qaxda ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Cənab İlham Əliyev proqram xarakterli, dərin məzmunlu nitqində təkcə bu sahələrin deyil, ümumiyyətlə, kənd təsərrüfatının inkişafı ilə bağlı öz dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş və hamını işlədikləri bütün sahələrdə daha yaxşı çalışmağa, məhsul bolluğu yaratmağa həvəsləndirmişdir. İcra başçısı qeyd etdi ki, müşavirədə cənab Prezident əvvəlcə tütünçülüyün inkişafına toxunub. Ölkə başçısı qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salaraq artıq 13 rayonda tütün əkininin aparıldığını bildirib. Qeyd edib ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyənləşdirilməli, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir. Fındıqçılıqda da müəyyən inkişafın getdiyini, lakin hələ istənilən səviyyəyə çatmaq üçün çox işlərin görülməsinin vacibliyini bildirən cənab İlham Əliyev 80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəf olduğunu bildirmişdir. Baramaçılığın inkişafından da danışan dövlətimizin başçısı hazırda 30 rayonda barama istehsal olunduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müşavirə haqqında tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra Qazax rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışdı. Sonra Qazax rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov çıxış edərək bildirdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, xaricdən ərzaq asılılığının ləğv edilməsi, aqrar sahənin inkişaf etdirilərək ixracatın artırılması üçün möhtərəm Prezidentimizin qarşıya qoyduğu tapşırıqları, qəbul olunmuş dövlət proqramlarını yerinə yetirmək üçün respublikamızın hər bir yerində olduğu kimi Qazax rayonunda da məqsədyönlü işlər aparılır.
Görülən işlərin nəticəsidir ki, 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün 8277,7 hektar buğda, 2750,6 hektar arpa olmaqla cəmi 11028,3 hektar payızlıq buğda, 2017-ci ildə 11,5 hektar yazlıq buğda, 34 hektar vələmir, 52 hektar paxlalılar, 504,8 hektar qarğıdalı, 5,6 hektar darı, 630,5 hektar təzə yonca, 2706 hektar köhnə yonca, 62,5 hektar günəbaxan, 50 hektar tütün, 809 hektar kartof, 31,4 hektar bostan, 522,97 hektar şəkər çuğunduru, 85,92 hektar sorqo, 483,8 hektar tərəvəz əkilib becərilir. Rayon üzrə 21180 hektar əkinə yararlı torpaq sahəsindən 17018,39 hektarı əkin, 365,9 hektar üzüm bağı, 188 hektarı fındıq bağı, 1076 hektarı digər meyvə bağlarıdır. 2165,41 hektar dincə qoyulmuş sahədir. Bu da ötən ilə nisbətən əkin sahəsinin 2124,39 hektar artması deməkdir. Taxıl sahəsi 3240,8 hektar, kartof sahəsi 376 hektar, tütün 40 hektar, qarğıdalı 180,8 hektar, tərəvəz 48,8 hektar, günəbaxan 6 hektar, sorqo 65,42 hektar artmış, ilk dəfə olaraq 522,97 hektar şəkər çuğunduru əkilmişdir.
Qazaxda taxıl biçini başa çatmışdır. Rayon üzrə 2750,6 hektar arpa sahəsindən 6629 ton, yəni hər hektardan 24,1 sentner, 8289,2 hektar buğda sahəsindən 29840 ton, yəni hər hektardan 36 sentner olmaqla cəmi 11039,8 hektar taxıl sahəsindən cəmi 36469 ton, yəni orta hesabla 33,03 sentner taxıl biçilmişdir. Bu da ötən ilə nisbətən taxılın 12776 ton, məhsuldarlığın isə 2,9 sentner çox olması deməkdir. Biçinə 55 ədəd kombayn cəlb edilmişdır. Taxılın vaxtında itkisiz yığılması üçün bütün imkanlardan istifadə edilərək heç bir itkiyə yol verilmədən taxıl biçini başa çatmışdır. 34 hektar vələmir dən üçün biçilmiş orta məhsuldarlıq 26 sentner olmaqla cəmi 884 ton məhsul götürülmüşdür. Bu il Qazaxda ilk dəfə şəkər çuğunduru əkilmişdir. Rayonda 123 nəfər çuğundur istehsalçısı 522,97 ha sahədə çuğundur becərir. Sahələrdə yüksək becərmə işləri aparılmışdır. Bundan sonrakı dövrlərdə də həmin sahələrdə suvarma işi təşkil olunarsa yüksək məhsuldarlıq əldə olunacağı gözlənilir.
Rayonda barama istehsalı 1991-ci ildə 3200 kq, müstəqilliyimizin ilk ilində, 1992-ci ildə isə 4000 kq olmuşdur. Həmin vaxtdan sonra baramaçılığa göstərilən ögey münasibətin nəticəsi olaraq 2016-cı ilə kimi ölkədə barama istehsalı olmamışdır. 2016-cı ildə baramaçılığın inkişafı ilə əlaqədar ölkə başçısının müvafiq tapşırığından sonra respublikamızın bir çox rayonlarında olduğu kimi, Qazax rayonunda da uzun müddətli fasilədən sonra yenidən barama istehsalına başlanmışdır. Həmin il 19 nəfər kümçü 30 qutu ipəkqurdu toxumunun qurdundan 1502 kq barama istehsal edib müqavilə əsasında "Şəki İpək” MMC-yə təhvil verərək cəmi 11592 manat gəlir əldə etmişdir. Bu il ötən ildəkindən 3121 kq çox istehsal və 28641,11 manat çox gəlirə nail olunmuşdur. Yem bazasını artırmaq üçün 2016-cı ilin payızında 22000 ədəd yeni tut tingləri əkilmişdir ki, bunun da 20000 ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir.
Qazax rayonunun 18 kəndində 1968-1980-ci illərdə tütün becərilib. 1980-ci ildən sonrakı dövrdə rayonda üzümçülük inkişaf etdiyi üçün tütün becərilməmişdir. Prezidentin ötən il tütünçülüyün inkişafı üçün dövlət proqramının təsdiqləməsi nəticəsində bir çox rayonlarda, eləcə də, Qazax rayonunda tütün becərilməyə başlanılmışdır. Ötən il rayonda 10 hektar sahədə 12 nəfər istehsalçı tütün becərərək 15635 kq quru tütün istehsal edilmiş və əvvəlcədən bağlanmış müqavilə əsasında Şəkidə yerləşən müəssisəyə təhvil verərək 22397 manat gəlir əldə etmişlər. Bu günə kimi 25 tona qədər quru tütün yarpağı istehsal edilmişdir.
Son illər Qazaxda fındıqçılığa maraq artmışdır. 2010-cu ildə 105 hektar sahədə fındıq bağı olmuşdur. Ondan 81 hektarı bar verən bağ olmuşdur.
2016-cı ilin payızında 39 hektar, 2017-ci ilin yazında isə 13 hektar yeni fındıq bağları salınmışdır. Hal-hazırda rayonda 188 hektar fındıq bağı vardır ki, ondan 136 hektarı bar verən bağlardır.
Rayon ərazisində kənd təsərrüfatı məhsullarının becərilməsi üçün işə yararlı vəziyyətdə olan 154 ədəd traktor, 87 ədəd kotan, 74 ədəd mala, 15 ədəd gübrəsəpən, 46 ədəd taxıl toxumsəpən, 44 ədəd oxarxı çəkən kotan, 29 ədəd taxılbiçən kombayn, 7 ədəd kartofsəpən, 5 ədəd 7 cərgəli reyper, 7 ədəd qollu çiləyici, 3 ədəd frez, 28 ədəd otbiçən, 15 ədəd ot dırmığı, 55 ədəd ot kipləyən vardır ki, onlardan da "Aqrolozinq”də 5 ədəd traktor, 5 ədəd kotan, 4 ədəd taxıl biçən kombayn 1 ədəd çiləyici, 1 ədəd taxılsəpən, 1 ədəd biçən, 1 ədəd mala, 1 ədəd qoşqu mövcuddur.
Müşavirədə iştirak edən fermer təsərrüfatları rəhbərlərinin rəy və təklifləri dinlənilmişdir.
Vəli VƏLİYEV,
"Respublika” qəzeti
11 avqust 2017-ci il


Geri qayıt