Əsas Səhifə > Manşet / Rəsmi > Hər kim 100 il yaşamasa...

Hər kim 100 il yaşamasa...


10-08-2017, 01:32
Hər kim 100 il yaşamasa...
Bu gün hər kəsə məlumdur ki, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tərəfindən bütün sahələrə diqqət və qayğı göstərilir. İstər rayonun abadlaşması, istər kənd təsərrüfatının inkişaf etdirilməsi, istərsə də sadə vətəndaşlara göstərilən qayğı kiçikdən böyüyə yüksək qiymətləndirilir və sakinlər tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır. İnsan amilini ön plana çəkən rayon rəhbərliyi şəhid ailələrinə, müharibə veteranlarına, eləcə də Qarabağ əlillərinə, məcburi köçkünlərə, ümumilikdə ehtiyacı olan bütün insanlara hərtərəfli diqqət və qayğı göstərir.

Qazax rayonunun gözəl təbiəti, saf havası, təmiz suyu var. Bu torpağın yetirməsi, Azərbaycanın xalq şairi Osman Sarıvəlli şeirlərinin birində əbəs yerə “Hər kim yüz il yaşamasa, günah onun özündədir” - deyə yazmamışdır. Qazaxda yaşayan uzunömürlü insanların sayı da kifayət qədərdir. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən ömrünün ahıl çağlarını yaşayan uzunömürlü insanlar qeydiyyata alınır, onlar diqqət mərkəzində saxlanılır. Bu da Rəcəb Babaşovun rayonda ömrünün ahıl çağlarını yaşayan insanlara olan səmimi münasibətindən və göstərdiyi qayğıdan irəli gəlir.

Həmin uzunömürlü rayon sakinlərindən biri də Yuxarı Salahlı kəndində yaşayan Süleymanova Sədiqə Alı qızıdır. O, 1910-cu ildə anadan olub. Həyat yoldaşı Yunis kişi Böyük Vətən Müharibəsində iştirak edib və geri qayıtmayıb. Aradan 70 ildən çox bir vaxt keçməsinə baxmayaraq bu gün də həyat yoldaşının yolunu gözləyən 107 yaşlı Sədiqə nənə onun adını nəvəsində yaşadır. Bu nurani qadın hazırda ömrünün ikinci yüzilini yaşayır.

Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənovanın rəhbərliyi ilə aparatın məsul işçiləri, həkimlər, KİV nümayəndələri Sədiqə nənənin evində qonaq olublar. Onun həyat şəraiti və səhhəti ilə maraqlanıblar.
Hər kim 100 il yaşamasa...
Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova nurani nənəyə icra başçısının səmimi salamlarını çatdırıb. Qeyd edib ki, bu gün rayon rəhbərliyinin tapşırığına əsasən sənə baş çəkməyə gəlmişik.

Qonaqları səmimi qarşılayan Sədiqə nənə onları salamlayıb, rayon rəhbərliyindən razı qaldığını bildirib. Qeyd edib ki, kəndin arasına çıxa bilmədiyimə baxmayaraq tez-tez onun xoş sədalarını, xeyirxah işlərini eşidirəm. Bu da məni bir nənə kimi çox sevindirir. Sədiqə nənə deyib ki, bu gün ömrünün ahıl çağlarını yaşayan mənim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız bizi çox sevindirir. Biz qocaların qəlbi uşaq kimidir. Ona görə də balaca bir diqqət və qayğı görəndə körpə uşaq tək sevinirik. Bu gün bizim evimizdə olduğunuza və mənə diqqət ayırdığınıza görə ailəm adından Rəcəb müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Qoy Allah ona da elə mənim kimi uzun ömür qismət eləsin.

Sədiqə nənə qonaqlara öz həyat hekayəsindən də danışıb. Bildirib ki, bu gün 2 oğul, 3 qız nəvəsi var. Hamısı da ailə qurub, oğul-uşaq sahibidirlər. 12 nəticəm var. Onlardan da biri ailə qurub. Nəvələrimin, nəticələrimin hamısı mənə yaxşı baxır, qayğımı çəkir, qulluğumda dayanırlar. Hər birindən razıyam. Uzunömürlü yaşamağın sirlərindən söz açan Sədiqə nənə bunu düzgün qidalanmağı və sağlam həyat tərzi sürməsi ilə izah edib. Bir də mənə göstərilən diqqət və qayğıdır məni uzunömürlü edən - deyib. Bax, bu gün yanıma gəldiniz, elə bil ömrüm bir az da artdı.

Sonra həkimlər Sədiqə nənənin təzyiqini ölçüb, səhhətini hərtərəfli müayinə ediblər. Ciddi bir xəstəlik aşkar olunmayıb. İstifadə etdiyi dərmanların adları öyrənilib və bundan sonra rayon rəhbərliyi tərəfindən lazım olduğu halda hər cür dava-dərmanla təmin olunacağı bildirilib.

Sonda Sədiqə nənə ilə xatirə şəkli çəkdirilib.

Hər kim 100 il yaşamasa...
Hər kim 100 il yaşamasa...
Hər kim 100 il yaşamasa...
Hər kim 100 il yaşamasa...
Elçin İSMAYIL

Geri qayıt