Əsas Səhifə > Manşet / Rəsmi > YAP Qazax Rayon Təşkilatının yeni təyin olunmuş sədri rayon ictimaiyyətinə təqdim olunub
YAP Qazax Rayon Təşkilatının yeni təyin olunmuş sədri rayon ictimaiyyətinə təqdim olunub10-02-2022, 21:00 |
Fevralın 10-da Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatına yeni sədr təyin olunmuş Anar Telman oğlu Nəbiyev rayon ictimaiyyətinə təqdim olunub. Qazax Gənclər Evində keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Qazax Rayon Təşkilatının aparat üzvləri, Ərazi Partiya Təşkilatlarının sədrləri, təhsil işçiləri iştirak ediblər. Tədbirdə əvvəlcə YAP-ın qurucusu, təsisçisi olan Ümummilli Lider Heydər Əliyevin, YAP Qazax Rayon Təşkilatının yaradılmasında xidməti olmuş və dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştrakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. YAP Qazax Rayon Təşkilatına yeni sədr təyin olunmuş Anar Nəbiyevi təbrik edərək səmimi ürək sözlərini çatdırıb. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açan icra başçısı partiyanın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
İcra başçısı bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. Bu il 30 illiyini qeyd edəcəyimiz partiya fəaliyyəti dövründə bir çox tarixi uğurlara imza atır. Müstəqil Azərbaycan dövlətinin inkişafı naminə misilsiz işlər görür. Rayon rəhbəri bu gün öz ətrafında 760 580 nəfəri birləşdirən YAP-ın müasir Azərbaycan tarixində öz yeri, çəkisi və siyasi gücü olan partiya olduğunu və üzləşdiyi bütün çətinliklərdən, sınaqlardan həmişə üzüağ çıxdığını vurğulayıb. Rayon rəhbəri partiyanın çətin və eyni zamanda şərəfli bir yol keçdiyini, ölkəmiz, müstəqil Azərbaycanımız naminə yarandığı gündən məqsədyönlü işlər gördüyünü söyləyib. Dövlətimizin, partiyamızın ötən dövr ərzində yüksək nailiyyətlərə, yeni–yeni uğurlara imza atdığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində ölkəmizin bütün sahələrində, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, ordu quruculuğu sahəsində qazanılan uğurlar Azərbaycanı dünyanın sürətlə inkişaf edən ölkələri sırasına qoşub. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirdi. Bu gün fəxr və qürur hissi ilə deyə bilərik ki, ölkəmizin böyük nailiyyətlər qazanmasında Yeni Azərbaycan Partiyasının da xüsusi rolu vardır. Belə ki, partiyamızın fəalları ölkəmizin inkişafına öz töhfələrini verir, möhtərəm Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında yüksək səviyyədə təbliğ edirlər. İcra başçısı 2021-ci ilin mart ayında keçirilən YAP-ın VII Qurultayı və Qurultayda qəbul olunmuş qərarların partiyamızın inkişafında yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. Qurultayda Prezident, partiyamızın Sədri İlham Əliyevin proqram xarakterli nitqinin, yeni nizamnamənin qəbul olunmasının və digər mühüm qərarların YAP-ın gələcək fəaliyyətində böyük önəm daşıyan amillərdən olduğunu söyləyib. İcra başçısı bildirib ki, YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edirdi. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırdı. Qısa müddətdə Azərbaycanın bütün rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. Həmin proses Qazax rayonunda da öz həllini tapdı. Partiyanın rayon təşkilatının yaradılması üçün ilk təəssübkeşlər fəaliyyətə başladılar, rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində yaşayan Heydər Əliyevçilərin Yeni Azərbaycan Partiyası ətraflarında birləşdirilməsinə başlanıldı. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra 1993-cü il iyul ayının 24-də YAP Qazax Rayon Təşkilatı 124 nəfər təəssübkeşinin iştirakı ilə öz təsis konfransını keçirdi. Bundan sonra rayon təşkilatında təşkilatlanma işləri daha da sürətləndi, partiya üzvlərimizin sayı artmağa başladı. YAP qısa vaxtda həm kütləviliyi, həm ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilat oldu. YAP-a bəslənən ümidlər əsas etibarı ilə özünü doğrultmağa başladı. YAP daşıdığı yeni azərbaycançılıq ideyasını cəmiyyətdə təsbit edə bildi, Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həlledici rolunu ifadə edə bildi.
Bu gün partiya Ulu Öndərin siyasi xəttini inamla və dönmədən həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, o zamandan bəri ölkədə keçirilmiş bütün seçkilərdə YAP və onun lideri qalib gəlib. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən üzvləri ətrafında birləşdirən YAP Ümummilli Liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Bu baxımdan YAP Qazax Rayon Təşkilatı təsis olunduğu gündən hal-hazıra kimi Heydər Əliyev ideyalarını daim əzmlə həyata keçirir. YAP Qazax Rayon Təşkilatının bu gün 73 ərazi partiya təşkilatı, 10300 nəfər partiya üzvü var. Onların 6532 nəfəri qadınlar, 3768 nəfəri qadınlar təşkil edir. Partiya üzvlərindən 2489 nəfəri gənclərdir. Rayon təşkilatı həmişə partiyamızın qarşıya qoyduğu tapşırıqların həyata keçirilməsi, seçkilərdə daha fəal iştirak edərək partiyamızın qələbəsinin təmin edilməsi, iqtidarın ölkəmizin idarə edilməsindəki uğurlarının rayon sakinlərinə çatdırılması istiqamətində işlərini günün tələbi səviyyəsində qurur. Ötən Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsvermələrində qazanılan qələbələr, ölkəmizin və xalqımızın həyatında əldə olunan uğurlar Yeni Azərbaycan Partiyasının, onun yaradıcısı Heydər Əliyevin ideyalarının əzmlə həyata keçirilməsinin nəticəsidir. Rayon rəhbəri bildirib ki, bu gün Ümummilli Liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük tikinti, quruculuq və abadlıq işləri aparılır. Ölkə başçısının qayğısı, diqqəti sayəsində son illər bütün bölgələrdə yeni tibb ocaqları, məktəblər, mədəniyyət müəssisələri, sosial obyektlər inşa edilir, respublika əhəmiyyətli böyük sənaye müəssisələri tikilir, qeyri-neft sektorunun inkişafı üçün yeni layihələr həyata keçirilir, park və xiyabanlar, yollar salınır. Kənd təsərrüfatının inkişafı, yüksək keyfiyyətli məhsul istehsalının artırılması, yeni iş yerlərinin açılması, əhalinin kənd təsərrüfatı ilə daha ürəklə məşğul olması üçün perspektivli əməli tədbirlərin görülməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə özünün intibah dövrünü yaşamaqdadır.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ünvanına səslənən xoş sözlərə görə razılığını ifadə edib. Ona göstərilən bu yüksək etimada görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, YAP rəhbərliyinə, eləcə də rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirərək bu etimadı əməli işləri, yüksək fəallığı ilə doğruldacağına söz verib. Rayon Təşkilatının sədri kimi fəaliyyəti dövründə verilən tapşırıqların, təyin olunduğu çətin və məsul vəzifənin öhdəsindən layiqincə gələcəyini, ona göstərilən etimadı doğrultmağa çalışacağını söyləyib. Yeni Azərbaycan Partiyasının üzvü, eyni zamanda Rayon Təşkilatının sədri olduğu üçün fəxr etdiyini dilə gətirib. "Bizlərin bir yolu var, bu yol ancaq Ulu Öndər Heydər Əliyevin bizlərə göstərdiyi yoldur. Heç vaxt heç bir qüvvə bizi bu yoldan döndərə, çəkindirə bilməz”, - deyən A.Nəbiyev hər zaman bu yolu özünün həyat amalı, yol xəritəsi kimi qəbul etdiyini bildirib. 1993-cü ildən YAP-ın üzvü, təsisçilərindən biri olduğunu, 8 il YAP Gənclər Birliyi Qazax Rayon Təşkilatının sədri, 5 il sədr müavini kimi partiyaya əsl sadiqlik nümayiş etdirdiyini qeyd edib. Ulu Öndərin iştirakı ilə keçirilən I və II Qurultaya, ölkə Prezidenti, Partiyanın sədri İlham Əliyevin iştirakı ilə keçirilən III Qurultaya nümayəndə seçildiyini vurğulayıb. A.Nəbiyev çıxışının sonunda bir daha ölkəmizin, eləcə də rayonumuzun inkişafı naminə bundan sonrakı fəaliyyətində də ona göstərilən etimadı doğrultmaq üçün böyük əzmlə, səylə çalışacağını qeyd edib.
Uzun illər YAP Qazax Rayon Təşkilatının sədri olmuş Həmid Pənahov çıxış edərək yeni sədrə səmimi təbriklərini çatdıraraq gələcək fəaliyyətində uğurlar arzulayıb. A.Nəbiyev haqqında ürək sözlərini çatdıran natiq onun təşkilatda çalışdığı dövrdə hər zaman yüksək fəallığı ilə seçildiyini söyləyib. Qeyd edib ki, bu gün sevindirici haldır ki, YAP Qazax Rayon Təşkilatı ilk gündən partiyanın mənafeyini qoruyan, hər şeydən üstün tutan, ölkəmizin inkişafı naminə böyük səylə çalışan bir şəxsə etibar edildi. Onun rəhbərliyi altında Rayon Təşkilatı respblikamızda sayılıb-seçilən təşkilatlardan olacaq. Rayonun ictimai-siyasi həyatında bundan sonra da təşkilat olaraq daim fəallıq nümayiş etdiriləcək.
107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək millət vəkilinin adından yeni sədri təbrik edib, xoş arzularını çatdırıb. Bir gənc kimi Ulu Öndərin yaratdığı, Prezident İlham Əliyevin sədri olduğu bir partiyanın üzvü olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib. A.Əmirov qeyd edib ki, geriyə dönüb YAP-ın tarixinə, hansı çətin bir dövrdə yaranmasına, hansı çətinliklərdən, sınaqlardan keçdiyinə nəzər yetirərkən bu gün qürur hissi keçiririk ki, nə yaxşı ki, biz bütün sınaqlardan alnıaçıq, üzüağ çıxmış bir partiyanın sıralarında yer almışıq. Nə xoş bizlərə ki, çətin və keşməkeşli yol qət edən partiyanın gələcəyi biz gənclərin çiynindədir. Biz YAP gəncləri bu yükün ağırlığını, məsuliyyətini hər zaman dərk edir, bizlərə olan etimadı daim doğrultmağa çalışırıq. Ən əsası da Ulu Öndərin söylədiyi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!” dəyərli sözlərini bir an belə unutmuruq. Gələcəyin partiyası olan YAP-ın sıralarında olmaqdan hər an məmnunluq hissi duyuruq. A.Əmirov partiya sıralarında yer alan gənclərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını da bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq sonda bir daha YAP Qazax Rayon Təşkilatının yeni sədrini təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. GOYEZEN.AZ Geri qayıt |