Əsas Səhifə > Manşet / Təhsil > “Narkomaniyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbdə təşkil olunub
“Narkomaniyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbdə təşkil olunub27-01-2022, 20:21 |
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuş maarifləndirici tədbirlər davam etdirilir. Yanvarın 27-də "Narkomaniyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbdə təşkil olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Məmməd Alıyev, RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin məsul işçisi Donara Həsənova, narkoloq-həkim Nahidə Osmanova, məktəbin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbirdə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri məktəblilərin diqqətinə çatdırılıb. Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. M.Alıyev qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaqdır. Cəmiyyətin bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu, onun yaratdığı təhlükələr və fəsadlar barədə məlumatlandırmaqdır. M.Alıyev qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun asılılığından xilas ola bilmir, öz gələcəyini göz görə-görə məhv edir. Narkotacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən gənc və yeniyetmələri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələr öz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.
Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan birinci müavin bu sahədə olan mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi dəyərləndirib. Birinci müavin rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Pandemiya dövrünə qədər belə maarifləndirmə tədbirlərinin keçirildiyini, illər öncə aparılan mübarizə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini, bu cür görüşlərin daha sıx təşkil ediləcəyini vurğulayıb. "Bu gün müstəqil Azərbaycanın parlaq gələcəyi siz gənclərin əlindədir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəni qoruyub saxlamaq üçün cəmiyyətimizin sizin kimi sağlam ruhlu, əqidəli gənclərə ehtiyacı var”, - deyən M.Alıyev sonda bir daha gəncləri narkotik vasitələrdən uzaq duramağa çağırıb.
Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxış edərək məktəbliləri salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Polis rəisi narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edən polis rəisi bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Polis rəisi bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb. S.Əsədov sonda bir daha gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Polis rəisi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib.
Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məktəblilərə geniş məlumat verib. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məhz bu istiqamətdə mühüm addımlar atmalı, cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün var qüvvəsi ilə çalışmalıdır. Ölkəmizin işıqlı və gözəl gələcəyinin sağlam, savadlı gənclikdən asılı olduğunu bir an belə unutmamalıdır. Odur ki, hər bir yeniyetmə və gəncə zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməli olduğunu bildirmək hər birimizin borcudur. Həyat amalımız, devizimiz "Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” olmalıdır. R.Gözəlov bu gün "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi göstərib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxışında narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. ”Narkomaniyaya qarşı mübarizə hər birimizin işidir”, - deyən V.Nəbiyev Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən narkomaniya və narkobizneslə mübarizə məqsədilə maarifləndirmə tədbirlərinin, aksiyalarının keçirildiyini, gənc könüllülər tərəfindən şəhərin müxtəlif yerlərində, eləcə də kəndlərdə narkomaniya əleyhinə bukletlər və braşuralar paylanıldığını, gənclərlə maarifləndirici söhbət aparıldığını bildirib.
Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin direktoru Rasimə Carçıyeva tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırıb. Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |