Əsas Səhifə > Manşet / Rəsmi > “Azərsu” ASC-nin sədr müavinləri Qazaxda şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olublar

“Azərsu” ASC-nin sədr müavinləri Qazaxda şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olublar


12-01-2022, 19:49


Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və tullantı su sistemləri yenidən qurulur. Ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilən layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında olmayıb. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastruktur yaradılır. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb. Mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarı inşa olunub. Şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib. Həmçinin, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal Sahəsi üçün müasir tipli yeni inzibati bina inşa edilib.

Yanvarın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, "Azərsu” ASC-nin sədr müavinləri Etibar Məmmədov və Köçərli Həsənovun, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorun müavini Anar Məmmədovun, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədovun, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə sahə rəisi Toğrul Nərimanovun, "Azərsu” ASC-nin mühəndisi Rövşən Əsgərovun, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun, RİH başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin, Mənzil İstismar Sahəsinin rəisi Mahmud Mirzəyevin iştirakı ilə şəhərdə su və kanalizasiya sistemləri çəkilmiş ərazilərdə həyata keçirilən işlərin mövcud vəziyyəti geniş şəkildə müzakirə olunub.

Sonra rayon rəhbərliyi qonaqlarla birlikdə Qazax Sukanal Sahəsi üçün inşa edilən inzibati binaya və tullantı sutəmizləyici qurğuya baxış keçirib, görülmüş işlərin mövcud vəziyyəti ilə yerində tanış olub.










GOYEZEN.AZ


Geri qayıt