Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidləri məzarları başında yad olunub

Qazaxda Vətən müharibəsi şəhidləri məzarları başında yad olunub


18-12-2021, 11:04


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa  vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 30 il işğal altında olan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Bu xoşbəxtliyi, bu qüruru bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən igid Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək isə bizim mənəvi borcumuzdur.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədə Qazaxın 51 nəfər igid oğlunun da payı var. Həmin qəhrəman oğullar da düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldi.

Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın da xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri hər zaman yad olunur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizi, qazilərimizi, onların ailə üzvlərini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı rayon rəhbərinin iş fəaliyyətinin əsas hissəsini təşkil edir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların məzarlarını ziyrət edən, ailələrini tək qoymayan rayon rəhbəri ənənəsinə sadiq qalaraq qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı məzarları başında yad edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə Vətən müharibəsində iştirak edən Qazax şəhərindən, Ağköynək  Qarapapaq kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla anıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində hərb tariximizə, xalqımızın yaddaşına adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil dövlətimiz, xalqımız var olduqca şəhidlərimizin də daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını əziz tutmağın, yaşatmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb.

"Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunə olmalıdır. Özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini söyləyib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasına görə razılıq ediblər. Şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi qeyd ediblər.

Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun məzarı





Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun məzarı



 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlunun məzarı




Ağköynək kəndinin şəhid övladı kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun məzarı




Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni"Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun məzarı



GOYEZEN.AZ


Geri qayıt