Bu gün müstəqil ölkəmizdə dövlətin, ölkə
rəhbəri İlham Əliyevin, Birinci vitse-prezident
Mehriban Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğı
bütün bölgələrimizdə hiss olunur. İllər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş uşaq siyasəti bu gün də uğurla davam etdirilir. Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin
inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”,
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların
icrası təhsilin inkişafına böyük töhfədir. Son
illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası,
bununla bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr də
məhz bu məqsədi daşıyır.
Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi
ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da
bu sahə daim diqqət mərkəzində saxlanılır. Qazaxda uşaqlara göstərilən qayğının
bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən
(6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə
olmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən
bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və
qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait,
nizam-intizam, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla
yanaşılması bu dediklərimizi əyani şəkildə göstərir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən 4 və 5 saylı Körpələr
Evi-Uşaq bağçalarında olub. Bağçada körpələr üçün yaradılan
şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının
mövcud vəziyyəti, keyfiyyəti ilə yaxından tanış olan icra başçısı körpələrin
hər cür qayğıya, dəstəyə layiq olduğunu qeyd edib.
Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin
tələblərinə, bağçalarda təmizlik
və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün
işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena
qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin
artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə
lazımi tapşırıqlarını verib.
Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət
qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından
minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər
tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu
ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə
təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Geri qayıt
|