Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib
Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib16-12-2021, 17:25 |
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. 30 il əvvəl yaşanan kədər sona çatdı. 30 illik Vətən həsrəti, niskili bitdi. 30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi. 8 noyabr 2020-ci il... Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Bu gün böyük gündür. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-biri ilə bölüşdü. Xalq Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentinə sonsuz ehtiramını bildirdi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, 339 nəfər şəhid verib. Birinci Qarabağ müharibəsində Qazaxın 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 3 nəfəri “Azərbaycan Bayrağı” ordeninə, 44 günlük Vətən müharibəsində 2 nəfər “Qarabağ” ordeni, 5 nəfər “Azərbaycan Bayrağı” ordeni, 4 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, habelə 49 nəfər şəhid müxtəlif adda 189 ədəd medallarla təltif ediliblər. Vətən müharibəsində iştirak edən 242 nəfər hərbi qulluqçu 590 ədəd orden və medallarla (onlardan 4-ü orden, 586-sı medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib. Bala Çaylı kəndindən olan kapitan Nicat Bədəlov isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı Qazax rayonunda da daim hiss olunur. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 339 nəfər şəhidimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Həmçinin, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşənin, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində 51 nəfər Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksinin yaradılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndlərinə əsasən və RİH başçısı aparatı yanında fəaliyyət göstərən "Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış komissiya”nın müvafiq protokollarına uyğun olaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının 2 noyabr və 30 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən Qazax şəhərində olan 12 adsız küçəyə müxtəlif adda ordenlə təltif olunmuş 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi igid Vətən oğullarına olan hörmət və ehtiramın bariz nümunəsidir. Şəhid ailələri və qazilərimiz “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə, işlə təmin olunub və olunurlar. O cümlədən, şəhid ailələri və müharibə əlilləri Rayon İcra Hakimiyyətində imtiyazlı şəxslərin mənzil növbəliyində qeydiyyata alınırlar. Mütəmadi olaraq Vətən müharibəsi qazilərinin səhhəti ilə maraqlanılır, lazımi dərman preparatları ilə təmin olunur, qazilərin müayinə və müalicələri müxtəlif səhiyyə ocaqlarında təşkil olunur. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə lazımi dəstək göstərilir və göstəriləcəkdir. Əlamətdar günlərdə, bayramlarda, şəhidlərimizin doğum və anım günlərində məzarlarını ziyarət edən, ailələrinə baş çəkən rayon rəhbəri ənənəsinə sadiq qalaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında da şəhid ailələrini unutmayıb. Rayonumuzda hər bayram və əziz günlərdə olduğu kimi, bu bayramda da Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri üçün bayram süfrəsi açılıb. Dekabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. "Qazax” şadlıq sarayında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar, Vətən müharibəsi şəhidlərinin ailələri, yaxınları, doğmaları, KİV nümayəndələri iştirak ediblər. Şəhid ailələri üçün təşkil olunmuş bayram tədbirində əvvəlcə torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının ruhlarına dua oxunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Zəmanə Dərviş və Yusif Qoca bayram tədbirini açıq elan edərək qonaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələrini və iştirakçıları salamlayıb, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş, səmimi ürək sözlərini çatdırıb. Şəhid ailələrinə dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Tədbirin əhəmiyyətindən danışan icra başçısı bugünkü günün bayram tədbiri deyil, şəhid ailələrinin bir-birini tanıması, bir süfrə ətrafında görüşməsi üçün təşkil olunduğunu qeyd edib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bir il üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, - deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. “Şəhidlərimiz, sizin övladlarınız tək qazaxlı deyil, onlar Şuşalı, Kəlbəcərli, Laçınlı, Qubadlı, Ağdamlı, Füzulili, Zəngilanlı, Cəbrayıllıdır. Azərbaycanın hər qarışı onlar üçün Vətəndir”, - deyən icra başçısı onların fəxr yerimiz olduğunu bir daha diqqətə çatdrıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban Əliyeva qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə bayram süfrəsi ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib. "Siz şəhid ailələri ilə bir süfrə ətrafında oturmaq bizim üçün fəxr və qürurvericidir. Sizin övladlarınızı, Vətən torpaqlarını canı bahasına azad edən şəhidlərimizi yad etmək bizim mənəvi borcumuzdur”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək müqəddəs şəhidlərimizin ailə üzvlərini salamlayıb, onların ünvanlarına səmimi ürək sözlərini çatdırıb. “Bu gün sevincli və qürurluyam ki, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını bu gün sizlərlə qeyd edirəm”, - deyən millət vəkili bugünkü görüşdən məmnunluğunu ifadə edib. Millət vəkili bildirib ki, Azərbaycan xalqı öz həmrəyliyini bir il bundan öncə Müzəffər Ali Baş Komandanın bir çağırışı ilə 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdi. O Azərbaycan xalqı ki, 30 il Vətən niskili ilə yaşadı. 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi altında sizin övladlarınızın rəşadəti sayəsində xalqımızın Vətən həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın döyüş meydanındakı şücaətini tək xalqımız deyil, bütün dünya gördü. Qələbəni, şanlı Zəfəri bizlərə yaşadan siz ata və anaların böyütdükləri oğullar oldu. Bu gün onların ruhu şaddır, çünki canlarından keçdikləri torpaqlarımız düşməndən azad edilib və buna görə biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Millət vəkili şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə edib. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. B.Vüsal şəhid ailələri ilə keçirilən tədbirə, bugünkü görüşə görə ziyalılar adından rayon rəhbərliyinə təşəkkür edib. Şair B.Vüsal qeyd edib ki, Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, bu gün hər birimiz Qarabağlı, Şuşalı, Laçınlı, Kəlbəcərliyik. Şəhid ailələri qarşısında baş əydiyini söyləyən şair “Oğuz yallısı” şeiri ilə onlara ehtiramını ifadə edib. Qazax Rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəlim, “Tərəqqi” medalı ilə təltif olunmuş Xatın Hüseynxanova çıxış edərək şəhid ailələrini salamlayıb, qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb. Şəhid ailələri ilə təşkil olunmuş görüşə görə rayon rəhbərliyinə təşəkkür edib. Vətən müharibəsi şəhidi əsgər Babək Həsənovun anası Gülarə Həsənova çıxış edərək şəhid ailələrini salamlayıb, şəhid anası olaraq ürək sözlərini bölüşüb. Həmişə şəhid ailələrinin yanında olduğuna görə rayon rəhbərliyinə razılığını ifadə edərək bugünkü görüşü həmin qayğının bariz nümunəsi kimi göstərib. G.Həsənova bildirib ki, “Ana Vətən deyirlər. Mən oğlumu Vətən üçün böyütmüşdüm. Bu gün fəxr edirəm ki, mənim oğlum başımı uca etdi. Şəhid analarına demək istəyirəm ki, heç vaxt ağlamasınlar. O zaman ağlayardıq ki, torpaqlarımız alınmasaydı. Bu gün torpaqlarımız düşməndən alınıb, üzümüz ağ, alnımız açıqdır. Oğullarımız qayıtmasa da torpaqlarımız qayıtdı. Bu gün şəhid ailələrinə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva dəyər verir, qayğı göstərir. Budur bizi yaşadan”. Vətən müharibəsi şəhidi gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. “Şəhidlər unudulmazdı”, - deyən şəhid anası bugünkü görüşün də şəhidlərimizi yaşatdığını bildirib. Ali Baş Komandanın rəhbərliyi altında tarix yazan qəhrəman oğullarımızla fəxr etdiyini qeyd edib. Rayon ziyalısı Ramiz Mansurov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb, şəhid ailələrinə təbriklərini və səmimi ürək sözlərini çatdırıb. Şəhid ailələrinə, qazilərə olan səmimi münasibətə, qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə razılığını bildirib. Şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. “Minlərlə qardaşımız yaşamaq hüququndan keçdilər, minlərlə qardaşımız sağlam yaşamaq hüququndan keçdilər ki, bütöv Azərbaycanda başı dik, üzü ağ, alnı açıq şəkildə yaşaya bilək”, - deyən mayor X.Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə cansağlığı arzu edib. Tədbirdə şəhid gizir Şükürov İlkin Aslan oğlunun “Cəsur döyüşçü” medalı atası Aslan Şükürova, şəhid gizir Orucov Elvin Rövşən oğlunun “Döyüşdə fərqlənməyə görə” medalı anası Səidə Orucovaya, şəhid çavuş Kərimov Kamil Ələddin oğlunun “Vətən uğrunda” medalı anası Həbibə Kərimovaya təqdim edilib.
Bu il noyabr ayının 18-də Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən şəhid çavuş Xaliddin Veyislinin övladı Jalə Veyisli Forumda fəal iştirak etdiyinə görə Sertifikata layiq görülüb. Bugünkü tədbirdə həmin Sertifikat şəhidimizin qızına təqdim olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova Sertifikatı təqdim edərək şəhidimizin qızını təbrik edib, daha böyük uğurlar qazanmasını arzulayıb. Rayon rəhbəri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq bir daha təbrik edib, səmimi ürək sözlərini çatdırıb.
Bayram tədbirində qəhrəman şəhidlərimizin övladları da unudulmayıb. Onlara bayram hədiyyələri təqdim olunub.
Bayram əhval-ruhiyyəli tədbirdə Yusif Qocanın ifasında Cəfər Cabbarlının "Ana”, şair Barat Vüsalın “Dəmir Yumruq”, “And”, Zəmanə Dərvişin ifasında “Qazi” şeirləri səslənib. Nəsimi Kamaloğlunun ifasında səslənən "Əziz Ana” mahnısı şəhid analarının ürəyinə məlhəm olub. Bayram tədbirində aşıqlardan Camoy Qurbanov, Yaşar Gülümcanov, Şahin Süleymanov vətənpərvərlik mövzusunda olan şeirləri ilə şəhid ailələrini təbrik ediblər. Zəmanə Dərviş və Nəsimi Kamaloğlunun ifasında səslənən "Azərbaycan” mahnısı ilə başa çatan bayram tədbiri yaddaşlara ülvi duyğularla əbədi həkk olunub. GOYEZEN.AZ Geri qayıt |