Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda beş Vətən müharibəsi şəhidinin adını əbədiləşdirən bulaq istifadəyə verilib

Qazaxda beş Vətən müharibəsi şəhidinin adını əbədiləşdirən bulaq istifadəyə verilib


13-12-2021, 20:56


Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. O Azərbaycan Ordusu ki, xalqımızın 30 illik Vətən həsrətinə son qoyaraq işğalda olan torpaqlarımızı yağı düşməndən azad etdi. 44 günlük savaşda Qarabağ və işğalda olan digər rayonlarımız, kəndlərimiz tarixi sahiblərinə qaytarıldı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla bütün dünyaya bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır!. Qarabağ bizimdir!.

Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Ən əsası da bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qızılhacılı kənd sakini, şəhid (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlunun, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun da adı əbədiləşdirilib.

Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhidlərimizin adını əbədiləşdirən bulaq inşa olunub. 

Dekabrın 13-də igid Vətən oğullarının xatirəsini əbədiləşdirən həmin bulağın açılışı olub. 

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri və üzvləri, şəhidlərimizin vaxtilə təhsil aldıqları məktəblərin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər. 


Şəhidlərimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb. Şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla yad edilib. Bu gün igid Vətən oğlu gizir Tahir İsmayılovun təltif olunduğu "Cəsur döyüşçü" medalı da övladlarına təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı qarşıdan gələn əziz günlər ərəfəsində tarixi anlar yaşadığımızı, Qazaxın beş igid oğlunun adını əbədiləşdirən bulağın açılışına toplaşdığımızı söyləyib. “Qürurla söyləyə bilərik ki, Qazax qəhrəmanlar diyarı olub və bu, bu gün də belədir”, - deyən icra başçısı 44 günlük Vətən müharibəsində bir daha bunun şahidi olduğumuzu bildirib. Rayon rəhbəri şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açaraq bunun bariz nümunəsi olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını göstərib. Bundan başqa, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşəni, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımlar kimi qiymətləndirib. Şəhidlərimizin gələcək nəsillərə tanıdılması, adlarının əbədiləşdirilməsi üçün bu cür bulaqların inşa olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Rayon rəhbəri nə qədər Azərbaycan xalqı var, igid oğullarımızın qəlblərdə yaşayacağını, qalib xalqın qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirib. Rayon rəhbəri 30 illik işğalda olan torpaqlarımızı 44 günlük savaşda azad edən Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.


Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. Şəhid ailələrini salamlayan Barat Vüsal şəhidlərimizin xatirəsini əbədiləşdirən bulaqların hər kəsi məmnun etdiyini qeyd edib. Bu işdə əməyi keçən insanlara razılığını ifadə edərək minnətdarlığını bildirib. Şair B.Vüsal şəhidlərimizin qazandığı qələbənin hesabına bizi qarşıda daha gözəl günlərin gözlədiyini söyləyib. Şəhidlərimizə həsr etdiyi şeirini səsləndirən şair sonda igid oğullarımızı bir daha ehtiramla anıb.    

Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək şəhid ailələrini salamlayıb, vaxtilə bir məhlədə böyüdüyü şəhidlərimiz haqqında fikir bildirməyin çətin olduğu qədər də qürurverici olduğunu söyləyib. Şəhidlərimizin adını yaşatmaq üçün məhlə sakinlərinin ərsəyə gətirdiyi bulağın onlara olan hörməti özündə əks etdirdiyini qeyd edib. Y.Qoca şair Barat Vüsalın şəhidlərimizə yazdığı şeiri səsləndirərək onları bir daha ehtiramla yad edib.


Şəhid gizir Tahir İsmayılovun təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək şəhid ailələrini salamlayıb, onların qarşısında baş əydiyini söyləyərək səmimi ürək sözlərini bölüşüb. T.Comərdova canları, qanları bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlığın gələcək nəsillərimizə hər zaman örnək olacağını bildirib. 44 günlük Vətən müharibəsində şirin canından keçən oğullarımızdan 4 nəfərin məktəb-liseyin məzunu olduğunu söyləyib. Məktəbin məzunu olmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin, baş leytenant Xaliddin Nəsibovun, gizir Tahir İsmayılovun, gizir Sərxan Abdullayevin keçdikləri döyüş yolunu hər zaman məktəblilərə nümunə çəkdiklərini, əziz xatirələrini daim hörmət və ehtiramla andıqlarını vurğulayıb. Həmçinin, məktəbdə şəhidlərimizin övladlarının təhsil aldığını və daim onların yanlarında olduqlarını qeyd edib. Bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara təşəkkürünü çatdırıb.

Şəhid çavuş Xaliddin Veyislinin təhsil aldığı Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktoru olmuş, təqaüdçü müəllim Bəsti Ələkbərova çıxış edərək şəhid ailələrini salamlayıb, şəhidlərimizin adını yaşadan bulağın açılışında görüşməkdən məmnunluq duyduğunu söyləyib. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğını ölkə Prezidentinin yürütdüyü dövlət siyasətinin davamı kimi qiymətləndirib.


Digər çıxış edənlər bulağın ərsəyə gəlməsində əziyyəti, əməyi keçən insanlara minnətdarlıqlarını bildiriblər. Şəhidlərimizə Allahdan rəhmət diləyib, ruhları qarşısında baş əydiklərini vurğulayıblar. Azərbaycanın övladları olan şəhidlərimizlə fəxr edib, qürur duyduqlarını söyləyiblər. Qəhrəman övladlar böyüdən şəhid atalarına, analarına razılıqlarını ifadə ediblər.

Sonra söz məktəblilərə verilib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Ayan Süleymanova, Aylin Qəhrəmanova, Maya Hacıyeva, Firəngiz Məmmədova, Ləman CəfərovaAyan Ələsgərli, Günay Mustafazadə, Zəhrə Kərimova, Gülnur Əliyeva, Damla Hüseynzadə şəhidlərimizə həsr olunmuş kompozisiya təqdim ediblər.

Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Müjdə Tağıyeva, 7-ci sinif şagirdi Təhminə İsmayılova, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Maya Hacıyeva, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseyin 4-cü sinif şagirdi Minur Məmmədov şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. 


GOYEZEN.AZ


Geri qayıt