2020-ci ilin 27 sentyabrında başlayan
İkinci Qarabağ müharibəsində cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qəhrəmancasına
vuruşan Azərbaycanın igid oğulları düşməni məhv edərək tarixi Qələbə qazandı.
Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə, yurd həsrətinə 44 gündə son qoyuldu.
Şanlı Azərbaycan Ordusu bu haqq savaşında tarixi Qələbə, böyük Zəfər əldə edərək
xalqımıza qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş etdi. 44 günlük Vətən
müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, qanını Vətən torpağına
qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz göstərdikləri şücaətlə
dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş
etdirdilər.
Azərbaycanın hərb tarixinə qızıl
hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri
də 30 yaşında Şəhidlik zirvəsinə yüksələn (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğludur.
Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən
sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Kəlbəcərin
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Tural Məmmədovun bu gün uğrunda
canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Qəhrəman şəhidimizin
ildönümünü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram
göstərən hər kəs qeyd edib.
Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə
ucalmış igid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin
ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra
Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri,
iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları,
doğmaları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov şəhidimizə
Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini
çatdırıb. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə, 8
noyabrda qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Tural kimi oğullarımızla hər
birimizin fəxr etdiyini, qürur duyduğunu bildirib. İllər ötsə belə Azərbaycan
xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi,
qazilərimizi heç zaman unutmayacağını qeyd edib. "Nə qədər xalqımız, dövlətimiz
var, Vətən uğrunda canından keçən şəhidlərimiz daim xatırlanacaq, fəxrlə,
qürurla yad olunacaq. Onların xatirəsini uca tutmaq, adını yaşatmaq hər
birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını
torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Tural Məmmədovun da Azərbaycan
xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid
ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən
icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib.
Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini
qeyd edib.
Şəhid atası Elxan
Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Turalın xatirəsinin əziz tutulmasını, ailəsinə sahib
çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan
hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.
(MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlu
Şəhid Məmmədov Tural Elxan oğlu 17
sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci
ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə
daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
03.10.2008-ci ildə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. 01.04.2010-cu
il tarixdə həqiqi hərbi xidmətini başa
vuraraq təxris olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N”
saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə
kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış
və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə
kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş
bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə
yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs
alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə
yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural
Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan
Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə
təltif olunmuşdur. Azərbaycan Silahlı
Qüvvələrinin müxtəlif "N” saylı hərbi hissələrində xidmət edən,
"Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov
Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin
başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində
gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural
Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında
izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz - Nihat
adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma
yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün
gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz,
ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov
ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun
2021-ci il tarixli Sərəncamlarına əsasən "Kəlbəcərin azad
olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə
təltif olunmuşdur. Qazax-Quşçu Ayrım avtomobil yolunun kənarında şəhidimizin adını əbədiləşdirən bulaq inşa
olunub.
GOYEZEN.AZ
Geri qayıt
|