Əsas Səhifə > Manşet / Şəhidlər > Bu gün Qazaxda şəhid kiçik çavuş Alıxan Qaragözovun adını əbədiləşdirən bulağın açılışı olub
Bu gün Qazaxda şəhid kiçik çavuş Alıxan Qaragözovun adını əbədiləşdirən bulağın açılışı olub29-11-2021, 23:31 |
Bütün şəhidlərimiz kimi, Kəlbəcər rayonunda xidməti vəzifəsini icra edərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmiş "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun da adı əbədiləşdirilib. Şəhidimizin doğulub boya-başa çatdığı Ağköynək kəndində vaxtilə yaşadığı küçənin girişində adını əbədiləşdirən bulaq inşa olunub. Noyabrın 29-də qəhrəman şəhidimizin adını daşıyan həmin bulağın açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər. Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, Vətən torpağı bütöv olsun deyə şəhidlərimiz canından keçdi, qazilərimiz sağlamlığını itirdi. Şəhidlərimizə, onların ailələrinə qayğı göstərmək hər bir vətəndaşın üzərinə düşən vəzifə olmalıdır. Hər kəs şəhidlərimizin məzarını ziyarətgah bilib daim ziyarət etməli, ailəsinə baş çəkməlidir. Rayon rəhbəri şəhid Alıxan Qaragözovun təkcə ailəsinin deyil, bütöv Azərbaycanın, doğma Qazax elinin övladı, əzizi olduğunu bildirib. İcra başçısı qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbədən söz açan icra başçısı bu qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin vurulduğunu diqqətə çatdırıb. Şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu söyləyib. İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
Milli Qəhrəman Şamoy Çobanovun atası Məhyəddin Çobanov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Açılışına toplaşdığımız bulağı Alıxanın adının əbədiləşdirməsi istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib. Şəhid ailələrinə və qazilərə göstərilən qayğıya, dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq edib. Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edib. B.Vüsal 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun şücaəti sayəsində hərb tariximizin şanlı səhifəsinin yazıldığını bildirib. Şəhidlərimizin hər birinin bir qəhrəman olduğunu qeyd edən B.Vüsal "Oğlun qəhrəmandı” şeirini səsləndirərək sonda şəhidlərimizi bir daha ehtiramla anıb.
Ağköynək kənd tam orta məktəbində şəhidimizin ibtidai sinif müəllimi olmuş Vəfa Musayeva çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşüb. Vəfa müəllimə qeyd edir ki: - Alıxan sakit təbiətli, çalışqan bir şagird idi. Dərslərini yaxşı oxuyardı. Yoldaşları ilə mehriban olardı. Həmişə sinifə sual verəndə ki, siz böyüyəndə nə olacaqsınız. Oğlanların çoxu biz əsgər olacağıq deyərdi. Alıxan da bu yolu seçdi. Vətənin keşiyində dayanan müsəlləh əsgər kimi onun uğrunda canından keçdi. Vətənə olan sevgisi onu şəhadətə yüksəltdi. "Tarix yazan şəhidlərimizi heç vaxt unutmayacağıq. Qəlbimizdə, ürəyimizdə həmişə yaşadacağıq”, - deyən. V.Musayeva illər keçsə də Alıxan kimi qəhrəmanlarımızın ehtiramla anılacağını bir daha qeyd edib. Ağköynək kənd tam orta məktəbində ingilis dili müəllimi, şəhidimizin 5-11-ci siniflər üzrə sinif rəhbəri olmuş Nəzakət Mansurova da çıxış edərək igid Vətən oğlu haqqında ürək sözlərini çatdırıb. Alıxanın qısa ömür yaşasa da, şərəfli bir ömür yaşadığını qeyd edib. Alıxanın idmana meyilli olduğunu, ən böyük arzusunun hərbçi olmaq olduğunu və sonda arzusuna çatdığını qeyd edib. Sonra Ağköynək kənd tam orta məktəbin 4-cü sinif şagirdləri Aylin Qaragözlü, Gülay Qasımlı, Selcan Eminalıyeva, 8-ci sinif şagirdləri Sunay Musayeva, Fazilə Sanıyeva, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Yusif Mahmudov, 2-ci sinif şagirdi Etibar Mahmudov şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Şəhid anası Mahirə Qaragözova oğlu Alıxanın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Alıxanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. Bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb. Kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu
Şəhid kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 25 fevral 1989-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1996-cı ildə Şamoy Çobanov adına Qazax rayon Ağköynək kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Məktəbi bitirdikdən sonra 03.07.2007-ci ildəAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətini "212” saylı hərbi hissədə davam etdirmişdir. 01.01.2009-cu ildə ordudan təxris olunmuşdur. Həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başlamışdır. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir. 29.01.2021-ci il tarixdə doğulduğu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Bir qız övladı yadigar qalıb.
GOYEZEN.AZ Geri qayıt |