Əsas Səhifə > Manşet / Şəhidlər > Bu gün döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi “Azərbaycan Bayrağı” ordenli kiçik gizir Röyal Mədətovun adını əbədiləşdirən bulağın açılışı olub
Bu gün döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi “Azərbaycan Bayrağı” ordenli kiçik gizir Röyal Mədətovun adını əbədiləşdirən bulağın açılışı olub25-11-2021, 18:53 |
2020-ci ilin 27 sentyabrı xalqımızın yaddaşına əbədi həkk olundu. Həmin il Qələbə, Zəfər ili kimi hərb tariximizə yazıldı. Bu Qələbəni bizlərə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalçılarından azad edərək bəxş etdi. 44 günlük Vətən müharibəsində 30 illik yurd, torpaq həsrətinə son qoyuldu. Qalib ölkənin vətəndaşı olaraq Qarabağa Böyük Qayıdışın təntənəsini yaşayır, bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq. Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşən, yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazan və 28 yaşında Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Xüsusi Təyinatlı Dəstənin kiçik giziri Mədətov Röyal Şahin oğludur. Bütün şəhidlərimiz kimi döyüş yoldaşlarının "Qara qartal" ləqəbi verdiyi, göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlu Röyal Mədətovun da adı əbədiləşdirilib. Şəhidimizin doğulub boya-başa çatdığı Hüseynbəyli kəndinə gedən yolun kənarında (şəhərin Əliağa Şıxlinski küçəsi) adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq qoyulub. Noyabrın 25-də qəhrəman şəhidimizin adını daşıyan həmin bulağın açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər. Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Bu gün qəhrəman şəhidimizin təltif olunduğu "İgidliyə görə" medalı da anasına təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, şəhidlərimizə, onların ailələrinə qayğı göstərmək hər bir vətəndaşın üzərinə düşən vəzifə olmalıdır. Hər kəs şəhidlərimizin məzarını ziyarətgah bilib daim ziyarət etməli, ailəsinə baş çəkməli və bunun məsuliyyətini dərk etməlidir. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. İgid Vətən oğlunun döyüş yolundan, göstərdiyi igidlikdən söz açan icra başçısı onun 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazdığını, onun döyüş yolunun bundan sonra gələcək nəsillərə örnək olacağını qeyd edib. Şəhidimizin göstərdiyi igidiliyin Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən icra başçısı onun ölümündən sonra bir orden və altı medalla təltif olunduğunu vurğulayıb. Bütün bunların qəhrəman şəhidimizin 44 gündə keçdiyi döyüş yolundan, onun necə igid, qorxmaz, vətənpərvər bir oğul olmasından xəbər verdiyini söyləyib. 44 günlük haqq savaşından söz açan icra başçısı qazandığımız qələbənin kökündə Ali Baş Komandann rəhbərliyi altında illər öncə əsası qoyulan və uğurla inkişaf etdirilən ordu quruculuğu siyasətinin, bu sahədə əldə etdiyimiz nailiyyətlərin dayandığını bildirib. İllər öncə səslənən "Qarabağ Azərbaycandır!” şüarının bugünkü qələbəmizə gedən yolun başlanğıcı olduğunu qeyd edib. İcra başçısı vurğulayıb ki, 8 noyabrda qeyd etdiyimiz Zəfər Günü şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin sağlamlığı hesabına əldə olundu. Bizlərin də Röyal kimi igid oğulları daim yad etməli, adlarını uca tutmalı və yaşamalı olduğumuzu diqqətə çatdıran icra başçısı igid oğullarımızın hər zaman qəlbimizdə əbədi yaşayacaqlarını bildirib. "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Röyal Mədətovun da adının əbədiləşdiriləcəyini, adına küçə veriləcəyini qeyd edib. Rayon rəhbəri Vətənin azadlığı uğrunda canını fəda edən Röyal Mədətovun təkcə ailəsinin deyil, bütöv Azərbaycanın, doğma Qazax elinin övladı, əzizi olduğunu bildirib. İcra başçısı qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, Röyal Mədətovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. Bulağın tikilməyində əziyyəti keçən insanlara razılığını bildirən icra başçısı bunun hər birimiz üçün örnək olduğunu vurğulayıb. Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək 44 günlük Vətən müharibəsindən söz açıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Ali Baş Komandan İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu sayəsində şanlı Zəfər əldə etdiyimizi bildirib. Açılışına toplaşdığımız bulağın təkcə Röyalın adını əbədiləşdirmədiyini, eyni zamanda gənclərin, gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bir töhfə olacağını qeyd edib. Şəhid ailələrinə və qazilərə göstərilən qayğıya, dəstəyə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq edib.
Şəhidimizin vaxtilə təhsil aldığı Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Qəhrəman şəhidimizin məktəb illərindən söz açan M.Abbasova onun bacısı Günayla birlikdə birinci sinifə qədəm qoyduğu günü, ilk gündən yaşıdlarından necə fərqləndiyini bu gün də xatırladığını bildirib. Məktəb direktoru qeyd edib ki, Röyal ilk gündən öyrəndiyi, eşitdiyi Ana və Vətən kəlmələrini ürəyinə yazdı, bir-birindən ayırmadı, hər ikisini eyni dərəcədə sevdi, Ananı Vətənsiz, Vətəni də Anasız təsəvvür etməyin mümkün olmadığını elə ilk gündən dərk etdi. Məktəb direktoru Röyalın məktəb illərində öyrəndiyi fənlərin içərisində Azərbaycan tarixini, idmanı və hərbini daha mükəmməl öyrənməyə can atdığını söyləyib. Tariximizi öyrənməklə xalqımızın başına gətirilən müsibətləri, Xocalı faciəsini hər zaman ürək ağrısı ilə qəbul edər və bir gün qisas alacağını hər dəfə qeyd edərdi. Tarix dərsində müəllimə daim Qarabağdan sual verir, hərbi müəllimindən avtomatın, qumbaranın necə işləmək qaydasını öyrənməyə can atardı. Röyal Mədətov hərbi xidməti seçdi, ali məktəbi deyil. Hərbi xidmətini başa vurduqdan sonra da Vətənin keşiyində dayanmağı özünə əsas həyat amalı bildi. Röyal istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində yaralansa da döyüşməkdən bir an belə geri çəkilmədi. Bu gün Röyal məktəbimizin şagirdi olaraq bizlərə elə bir örnək, nümunə qoyub getdi ki, illər ötsə belə o nümunədən öyrənəcəyimiz çox şey var. Məktəb direktoru Röyalın təkcə valideynlərinin deyil, həm də ona dərs deyən bütün müəllimlərin övladı olduğunu qeyd edib. Rəhbərlik etdiyi məktəbin kollektivi olaraq məktəbin yetirmələri olan şəhid Röyal Mədətovla, eləcə də qazilərdən Cəfər Cəfərovla, Xaliq Həsənovla, Tacəddin Məmmədovla, Rəşid Yusifovla fəxr etdiklərini bildirib.
Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edib. Barat Vüsal qeyd edib ki, ölkə Prezidentinin də bildirdiyi kimi biz ordumuzla, əsgər və zabitlərimizlə, düşmənlə üz-üzə dayanaraq döyüşən oğullarımızla fəxr edirik. Röyal və onun kimi igid qəhrəmanlarımızla, onların hünəri ilə qürur duyuruq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı qələbə tarixə bir dastan kimi yazıldı. Həmin qələbəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizlərin borcudur. Qubadlıda, Zəngilanda, Suqovuşanda, Cəbrayılda, Füzulidə, eləcə də digər torpaqlarda vuruşan oğullarımızın hamısı Şuşa uğrunda mübarizə apardılar, onların hamısı bizim üçün Şuşa fatehləridir. "Şuşanı alan oğullar” şeirini səsləndirən Barat Vüsal sonda şəhidlərimizi bir daha ehtiramla anıb.
Hüseynbəyli kənd tam orta məktəbində şəhidimizin ibtidai sinif müəllimi olmuş Aftaf Qasımova çıxış edərək qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşüb. Aftaf müəllimə qeyd edir ki: - Röyal məktəbə qədəm qoyduğu ilk gündən fərqlənirdi. Vətənpərvərlik mövzusunda söhbət açılanda, Xocalı faciəsindən danışılanda partanın altında yumruğunu bərk sıxırdı. Uşaq ikən söz verdi ki, mən böyüyəndə düşmənlərdən qisasımızı alacam O, öz vədinə əməl elədi. Xüsusi Təyinatlı Dəstədə düşmənlə amansızcasına vuruşdu. Ona verilən "Qara qartal” ləqəbini doğrultdu. Öz düşmənlərinin üstünə qartal tək şığıdı. Röyal ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldi. İllər keçsə də nə onun özü, nə də qəhrəmanlığı heç vaxt unudulmayacaq. Hüseynbəyli kənd tam orta məktəbində riyaziyyat müəllimi, şəhidimizin 5-11-ci siniflər üzrə sinif rəhbəri olmuş Elman Xuduyev də çıxış edərək igid Vətən oğlu haqqında ürək sözlərini çatdırıb. Röyalın qısa ömür yaşasa da, şərəfli bir ömür yaşadığını qeyd edib. Məktəbə, müəllimlərə olan hörməti ilə hər zaman nümunəvi şagird kimi seçilirdi. Röyal idmana meyilli uşaq idi, heç vaxt əziyyət çəkməkdən qorxmazdı. İctimai işlərdə fəal iştirak edən, məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqlarda hər zaman öndə getməyi sevən bir şagird idi. Elman müəllim şagirdi Röyalla həmişə fəxr etdiyini bildirib. Bundan sonra da onun döyüş meydanında göstərdiyi qəhrəmanlığı, şücaəti eşitdikcə onunla bir daha qürur duyacağını söyləyib. Sonra Hüseynbəyli kənd tam orta məktəbin 7-ci sinif şagirdləri İnarə Kərimova, Ləman Abdullayeva, Nərmin Şabanova, Səadət Şükürova, 9-cu sinif şagirdləri Kifayət Məmmədova, Gülçin Əhmədova, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 7b sinif şagirdi Tunar Həsənov şəhidimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid anası Zərifə Cəlilova oğlu Röyalın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Röyalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. Bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Kiçik gizir Mədətov Röyal Şahin oğlu Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. "N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən"Azərbaycan Bayrağı” ordeni,"Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |