Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsindəki igidliyinə görə bir orden, yeddi medalla təltif olunan qazaxlı şəhid əsgər Sakit Allahverdiyevin ildönümündə xatirəsi anılıb

Vətən müharibəsindəki igidliyinə görə bir orden, yeddi medalla təltif olunan qazaxlı şəhid əsgər Sakit Allahverdiyevin ildönümündə xatirəsi anılıb


13-11-2021, 13:06


Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması 2020-ci ilin Zəfər salnaməsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq 2020-ci ili Qələbə ili kimi başa vurdu. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü. Qalib ölkənin vətəndaşları olan xalqımız 2021-ci ilin 8 noyabrını Zəfər Günü kimi qeyd etdi.

Əsgər Allahverdiyev Sakit Şahin oğlu da Vətən müharibəsində qazandığımız şanlı Zəfərdə payı olan, torpaq üçün canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımızdandır.


Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra bir orden, yeddi medalla təltif olunmuş igid şəhidimizin uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür.

Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış Sakit Allahverdiyevin ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.  


İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva,  Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı məktəbin müəllim və şagirdləri, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri qazandığımız tarixi Qələbəyə, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. "Qürurla qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Sakit kimi qəhrəman oğullarımız heç vaxt unudulmayacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı onun kimi igid oğullarımızla fəxr edir, onların xatirəsini daim uca tutmaq, adını yaşatmaq hər birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. 

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.   

Şəhidimizin anası Vəfa Həsənova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Sakitin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi dəyərləndirib.





Əsgər Allahverdiyev Sakit Şahin oğlu


Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır.Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş "N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı” ordeni, "Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.







 

GOYEZEN.AZ


Geri qayıt