Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 5 küçəyə ordenlə təltif olunan Vətən müharibəsi və Tovuz döyüşləri şəhidlərinin adı verilib

Qazaxda 5 küçəyə ordenlə təltif olunan Vətən müharibəsi və Tovuz döyüşləri şəhidlərinin adı verilib


2-11-2021, 21:23


Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə əldə etdi. Yaddaşlara qızıl hərflərlə yazılan 44 günlük müharibədə şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. Dövlət başçısının qətiyyəti, məğrur və yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğunu sübut etdi. "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdığımız Vətən müharibəsində igid Vətən oğulları qanları ilə əsl qəhrəmanlıq dastanı yazdılar. Bu gün qalib ölkənin vətəndaşı olan Azərbaycan xalqı 8 noyabrı Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il Zəfər Günü kimi qeyd edəcək.

 

Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Hər kəsin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.  

Həyata keçirilən nümunəvi işlərdən biri də Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədir. Muzeyin ikinci mərtəbəsində yaradılan bu guşə bu gün hər kəsin ziyarət etdiyi bir ünvandır.

Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də daim əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər zaman xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək müqəddəs amal hesab edilir.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin yer alması şəhidlərimizə olan hörmət və etiramın təcəssümüdür.

44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan Abidə Kompleksi də bu sahədə atılan nümunəvi addımlardan biridir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq bir işdir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi Vətən, xalq, dövlət naminə canını fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkandır. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu Abidə Kompleksi şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramı uzun illər özündə əks etdirəcək. Kompleksi ziyarət edən hər kəs şəhidlərimizin şəkillərinin nümayiş olunduğu monitoru, haqqında yazılmış məlumat lövhələrini izləməklə şəhidlərimizi yaxından tanıyacaq. Qazaxa qonaq gələn, bu müqəddəs ünvana üz tutan hər kəs şəhidlərimizə olan ehtiramlarını bildirib, ruhları qarşısında baş əyəcəklər.

 

8 Noyabr – Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndlərinə əsasən və RİH başçısı aparatı yanında fəaliyyət göstərən "Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış komissiya”nın 02.11.2021-ci iltarixli 02 saylı Protokolu nəzərə alınaraq şəhidlərimizin adı əbədiləşdirilib. "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyəti başçısının 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan 5 küçəyə 4 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adları verilib.

Noyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov küçə adları verilən şəhidlərimizin ailələri ilə görüşüb, igid Vətən oğullarının adlarını daşıyacaq küçələri diqqətə çatdırıb. İcra başçısı Qazax şəhəri Səməd Vurğun küçəsindən başlayaraq Qazax rayonu Ağköynək kəndinin Səyad Zeynalov küçəsinədək adsız olan küçənin Tovuz döyüşləri şəhidi 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenli mayor şəhid "Namiq Əhmədov” küçəsi,Qazax şəhəri Əliağa Şıxlinski küçəsindən başlayaraq Qazax şəhəri Xəlil Rza Ulutürk küçəsinədək olan adsız küçənin Vətən müharibəsi şəhidi 3-cü dərəcəli "Rəşadət" ordenli kapitan şəhid "İmamverdi İsmayılov” küçəsi,Qazax şəhəri Əliağa Şıxlinski küçəsindən başlayaraq Qazax rayonunun Canalı kəndinədək olan adsız küçənin Vətən müharibəsi şəhidi "Qarabağ" ordenli baş leytenant şəhid "Nəbi Hüseynov” küçəsi, Qazax şəhəri M.V.Vidadi küçəsindən başlayaraq Qazax şəhəri İsmayıl Şıxlı küçəsinədək olan adsız küçənin Vətən müharibəsi şəhidi "Qarabağ" ordenli gizir şəhid "Anar Nağıyev” küçəsi, Qazax şəhər qəbiristanlığından başlayaraq Qazax şəhəri Səməd Vurğun küçəsinədək olan adsız küçənin Vətən müharibəsi şəhidi "Azərbaycan Bayrağı" ordenli baş çavuş şəhid "İsmayıl Qəsəbov” küçəsi adlandırıldığını qeyd edib. Yeni adlandırılmış küçələrdə ünvan lövhələrinin yerləşdirilməsi, həmçinin yerlərdə əhalinin maarifləndirilməsi, eləcə də digər məsələlərin təmin edilməsi üçün aidiyyatı şəxslərə lazımi tapşırıqlar verildiyini bildirib.

İcra başçısı Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimizin Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı, qazaxlılar tərəfindən daim əziz tutulacağını söyləyib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. 

Şəhid ailələri qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması, adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər. Şəhid ailəsi kimi ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını bildiriblər. Göstərilən qayğıya görə razılıqlarını bildirərək minnətdarlıq ediblər.

GOYEZEN.AZ


Geri qayıt