Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsində torpaqlarımızın bütövlüyü üçün canından keçən qazaxlı şəhid Niftalı Qocayevin ildönümü qeyd olunub

Vətən müharibəsində torpaqlarımızın bütövlüyü üçün canından keçən qazaxlı şəhid Niftalı Qocayevin ildönümü qeyd olunub


2-11-2021, 15:10


2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən müharibə - İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldular və öz adlarını tarixə əbədi yazdılar.

Düşmən üzərində möhtəşəm qələbə qazanmaq naminə Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid əsgər Qocayev Niftalı Zakir oğludur.


 

 

Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə ucalmış Niftalı Qocayevin ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Xocavəndin azad olunmasına görə” medalı anasına təqdim olunub. 




 

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. 

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi Niftalı Qocayevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran Niftalı Qocayevin xatirəsinin Azərbaycan xalqı, qazaxlılar tərəfindən daim əziz tutulacağını söyləyib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. 

 

Şəhid atası Zakir Qocayev şəhid ailəsi kimi ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını bildirib. Göstərilən qayğıya görə razılığını bildirərək minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Niftalının timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib. Oğlu Niftalının, eləcə də onun kimi igid Vətən oğullarının hər zaman fəxr, qürur yeri olacağını söyləyib. 

Əsgər Qocayev Niftalı Zakir oğlu


Şəhid Niftalı Qocayev 20 noyabr 1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitimişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış,2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 01.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”,  24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.






GOYEZEN.AZ


Geri qayıt