Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidlərinin təltif olunduqları medallar ailə üzvlərinə təqdim olunub
Qazaxda Vətən müharibəsi şəhidlərinin təltif olunduqları medallar ailə üzvlərinə təqdim olunub28-10-2021, 18:33 |
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsi kimi əbədi olaraq xalqımızın yaddaşına yazıldı. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün hər bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdardır. 44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız orden və medallara layiq görüldülər. Vətən müharibəsinin qazaxlı şəhidləri kapitan Pənahov Rövşən Mahmud oğlu, leytenant Bayramlı Elmar İsa oğlu, gizir Məmmədov Səbuhi Hümbət oğlu, leytenant Məmmədov Məhəmməd Zakir oğlu da Ali Baş Komandan tərəfindən medallarla təltif olundular. Ölkə başçısının müvafiq Sərəncamlarına əsasən kapitan Rövşən Pənahov ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə”, leytenant Elmar Bayramlı ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə”, gizir Səbuhi Məmmədov ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, leytenant Məhəmməd Məmmədov ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər. Oktyabrın 28-də Vətən müharibəsi şəhidləri kapitan Rövşən Pənahovun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə”, leytenant Elmar Bayramlının təltif olunduğu "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə”, gizir Səbuhi Məmmədovun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə”, leytenant Məhəmməd Məmmədovun təltif olunduğu "Laçının azad olunmasına görə” medalları şəhidlərimizin ailə üzvlərinə təqdim olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov hər dörd şəhidimizin evində olub, ailə üzvləri ilə görüşüb, medalları sahiblərinə çatdırıblar. Kapitan Samir Çobanov xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıb. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Şəhid ataları, anaları övladları ilə fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları medalları qəbul etməyin çətin olduğu qədər də qürurverici olduğunu qeyd ediblər. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Məlumat üçün qeyd edək ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 50 nəfər hərbi qulluqçudan 49 nəfəri 176 orden və medallarla (onlardan 4-ü orden, 172-si medal) təltif olunub. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 587 orden və medallarla (onlardan 2-si orden, 585-i medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib. Ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Yuxarı Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlu
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlu
GOYEZEN.AZ Geri qayıt |