Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Qubadlının işğaldan azad olunmasının birinci ildönümü qeyd olunub

Qazaxda Qubadlının işğaldan azad olunmasının birinci ildönümü qeyd olunub


25-10-2021, 15:06


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın 30 illik yurd həsrətinə son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu gün Azərbaycan xalqı torpaqlarımızın, şəhər və rayonlarımızın, yaşayış məntəqələrimizin işğaldan azad olunduğu günü fəxr və qürurla qeyd edir.

Oktyabrın 25-i ölkəmizin dilbər guşələrindən biri olan Qubadlının düşmən tapdağından azad edildiyi gündür. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Qubadlının işğaldan azad olunmasının birinci ildönümü qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Qubadlının işğaldan azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Mərkəzdə təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin, "Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, təhsil, mədəniyyət işçiləri, ziyalılar, "Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş Vətən müharibəsi iştirakçıları, qaziləri, şəhid ailələri iştirak ediblər.

Tədbir Mərkəz tərəfindən Qubadlının işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.



Sonra Qarabağımızı, eləcə də bu gün işğaldan azad olunmasının ildönümünü qeyd etdiyimiz Qubadlını bizlərə qaytaran, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, rayon rəhbərliyinin səmimi ürək sözlərini və təbriklərini çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, xalqımızı Qubadlının işağldan azad olunmasının birinci ildönümü münasibətilə təbrik edib. Müavin bildirib ki, bir il bundan əvvəl Qubadlı rayonu və şəhəri 30 ilə yaxın işğaldan sonra azad edildi. Azərbaycan Ordusunun mərdliyi, yüksək fədakarlığı, Vətən sevgisinin nəticəsi olaraq biz yenidən doğma torpaqlarımıza qovuşduq. Azərbaycanın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqları ilə bir daha sübut etdilər ki, Vətəni göz bəbəyi kimi qorumağa hər birimiz borcluyuq.

 

G.Həsənova qeyd edib ki, bu gün Qubadlının düşmən tapdağından azad olunduğu günü fəxrlə qeyd ediriksə, ən əsası da 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan böyük Qələbəyə, şanlı Zəfərə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdarıq. Müavin Azərbaycan xalqı var olduğu müddətcə, tarix yaşadıqca qanları ilə dastan yazan şəhidlərimizin qəlblərdə əbədi yaşayacaqlarını bildirib. G.Həsənova Qubadlı rayonunun 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayon əhalisinə, eləcə də dövlətə vurulmuş maddi və mənəvi zərərdən də söz açıb. Qeyd edib ki, işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Bu gün isə artıq Qubadlı azaddır. 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Bir daha şahidi olduq ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq. Azad olunmuş digər yerlərimiz kimi Qubadlıda da tikinti-quruculuq işləri davam etdirilməkdədir. Hər birimiz, ən əsası da qubadlılar əmindir ki, tezliklə Qubadlının firavan, abad gələcəyini qanları, canları bahasına qazanan Əliyar Əliyev, Şükür Həmidov kimi igid qəhrəmanlarımızın ruhları da görüb sevinəcək. O gün isə elə də uzaqda deyil.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıb. Bu gün 44 günlük Vətən müharibəsində hər gün eşitdiyimiz qələbə xəbərlərindən birinin, Qubadlının azad olunduğu günün elan edilməsindən artıq 1 il ötdüyünü, xalqımızın həmin sevinci eyni duyğu ilə yaşadığını bildirib. E.Əli vurğulayıb ki, biz bu günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi strategiyaya, döyüş taktikasına əsasən qazi və şəhid qardaşlarımızın şücaəti sayəsində qeyd edirik. Natiq çıxışında digər rayonlarımız kimi, Qubadlı rayonunun da dağıdıldığını, viran qoyulduğunu, orada olan mədəni irsimizin məhv edildiyini, saxtalaşdırıldığını söyləyib. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunduğunu, əzəli Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarıldığını qeyd edib. Bu gün Ali Baş Komandanın işğaldan azad olunan rayonların ildönümlərini, azadolunma günlərini həmin torpaqlarda qeyd etməsini, doğma ərazilərimizə səfərlər etməsini Qarabağa Böyük Qayıdışın ilk addımları kimi qiymətləndirib. E.Əli qısa bir vaxtda Qubadlının, orada olan tarixi mədəniyyət abidələrinin, mədəni irsimizin yenidən qurulacağını, ən müasir standartlara cavab verən səviyyədə bərpa ediləcəyini bildirib. "Bir il əvvəl doğma torpaqlarımızın işğal günlərini qeyd edirdiksə, bu gün nə xoş bizlərə ki, azadolunma günlərini qürurla qeyd edirik. Bu günləri bizlərə bəxş edən isə Ali Baş Komandan İlham Əliyev, rəşadətli ordumuz, qanları ilə tarix yazan şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu”, - deyən E.Əli vətəndaş olaraq hər zaman onlara borclu olduğumuzu bir daha dilə gətirib.  


Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov çıxış edərək 44 günlük Vətən müharibəsindən söz açıb. Ötən ilin 27 sentyabrında mənfur düşmənimiz ermənilərin növbəti hücümunun qarşısının ölkə Prezidentinin, Ali Baş Komandanın qətiyyəti, möhkəm iradəsi, rəşadətli ordumuzun  yüksək peşəkarlığı sayəsində layiqincə alındığını, məhz o gündən haqq savaşımızın başladığını qeyd edib. "Biz bugünkü günü, əldə etdiyimiz Qələbəni 44 günlük Vətən müharibəsində tarix yazan oğullarımıza, şəhidlərimizə, qazilərimizə borcluyuq”, - deyən S.Çobanov belə qəhrəman oğulları gələcək nəsillərə örnək göstərməyin hər birimizin üzərinə düşən ən ümdə iş olduğunu bildirib. S.Çobanov qeyd edib ki, bu gün Qubadlının adı dövlət təltiflərində də yaşadılır. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. S.Çobanov 44 günlük Vətən müharibəsində Qazaxın igid oğullarının da əsl qəhrəmanlıq dastanı yazdıqlarını bildirib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 50 nəfər hərbi qulluqçudan 49 nəfərin 176 orden və medallarla təltif olunduğunu (onlardan 4-ü orden, 172-si medal), 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfərin 587 orden və medallarla (onlardan 2-si orden, 585-i medal), Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlunun 1 ordenlə təltif olunduğunu diqqətə çatdırıb. Həmçinin, 28 nəfər Vətən müharibəsi qazisinin, 3 nəfər Vətən müharibəsi şəhidinin "Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunduğunu qeyd edib.  

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, bu gün Qubadlı rayonunun işğaldan azad edildiyi gün - müasir Azərbaycanın ən şərəfli, qürurlu günlərindən biri kimi tarixə yazılıb. Əslində 44 günlük haqq savaşımızın hər bir günü ayrıca bir tarixdir. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da münaqişənin və bütün hərbi əməliyyatların dayandırılmasından sonra isə üçtərəfli Bəyənata əsasən dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın Azərbaycana qaytarıldı. Bununla da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti sayəsində 30 illik həsrətə son qoyuldu. Azərbaycan özünəməxsus tarixi ərazilərini işğalçılardan təmizlədi. Möhtəşəm Zəfərə imzasını atdı. Zəfərə aparan yol isə 2003-cü ildən başlanır. 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimi İlham Əliyev xalqı tərəfindən sevilən qalib liderdir. Bu gün fəxrlə deyə bilərik ki, dövlət ilə xalq, ordu arasında inam, birlik və həmrəyliyin əsasını qoymuş cənab Prezident bütün dünya azərbaycanlılarının həm siyasi lideri, həm də zəfər çalmış sərkərdəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizə həyat qayıdır. Təkcə Qubadlı deyil, həm də Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Kəlbəcərin tarixi sahiblərinə qayıdılış gününü xalqımız qürurla qeyd edir və bundan sonra da edəcək.

 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbirdə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi tarixi qəhrəmanlıqdan söz açıb. Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd edib. Ali Baş Komandanın atdığı hər bir addımı, görüdüyü əməli işi ilə hər birimiz üçün əsl örnək və nümunə olduğunu söyləyib. Tək şəhidlərimizin, qazilərimizin deyil, onların valideynlərinin də qəhrəman olduqlarını dilə gətirib. "Biz əzəli torpaqlarımızı qaytarmaq üçün haqq savaşına çıxdıq və 44 gündə Qarabağ adlı savaşı şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı hesabına tarixi Qələbə ilə başa vurduq. Bütün dünya Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun, igid Vətən oğullarının nəyə qadir olduğunun bir daha şahidi oldu”, - deyən B.Vüsal illər ötsə belə qəhrəman oğullarımıza hər zaman borclu və minnətdar olacağımızı vurğulayıb. "Dəmir yumruq” şeirini səsləndirərək şəhidlərimizə olan ehtiramını bildirib, əziz xatirələrini yad edib.

 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, millət vəkili Səməd Seyidovun səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, illər öncə Qubadlının, eləcə də digər şəhər və rayonlarımızın işğal günlərini ürək ağrısı ilə qeyd edirdiksə, bu gün həmin torpaqlara qayıdışın təntənəsini yaşayırıq, işğaldan azad edildikləri günləri böyük fəxr və qürurla qeyd edirik. Bu qüruru, sevinc dolu anları bizlərə bəxş edən isə Ali Baş Komandan, müzəffər Azərbaycan Ordusu, şəhidlərimiz, qazilərimiz oldu. Bu gün gənclər olaraq bizlər də onlara borcluyuq. Belə qəhrəman, vətənpərvər oğullar böyüdən şəhidlərimizin valideynlərinə minnətdarıq.

 

2-ci qrup Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev çıxış edərək Vətən müharibəsi iştirakçısı və qazi olaraq Qubadlının azad olunduğu günü qeyd etməyin onun üçün qürurverici bir gün olduğunu qeyd edib. "1 il öncə 27 sentyabrda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun başladığı "Dəmir yumruq” əməliyyatında iştirak etmək hər bir əsgər üçün qürurverici idi. 44 günlük Vətən müharibəsində bütün dünya ordumuzun gücü ilə yanaşı, həm də ordu-xalq birliyinin şahidi oldu. Xidmətə başladıqda biz hərbi and içmişdik. Vətənimiz üçün canımızı fəda edəcəyimizə, ya qazi, ya da şəhid olacağımıza and içmişdik. Ya şəhid olmalı, ya qazi olmalı, ya da Qələbə qazanmalı idik. Bu gün şəhidlərimiz olsa da, minlərlə qəhrəman oğullarımız sağlamlığını itirsə də, biz qalib ölkənin vətəndaşı ola bildik, qələbə qazandıq. Şəhidlərimiz bugünkü nəslin, gələcək nəsillərin firavanlığı üçün canından keçdi”, - deyən X.Əliyev bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Dövlətin şəhidlərimizə, qazilərimizə göstərdiyi qayğıdan söz açan qazimiz özünün timsalında hər zaman şahidi olduğunu, daim dövlətin qayğısını hiss etdiyini bildirib.


Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov çıxış edərək bugünkü əlamətdar gün münasibətilə səmimi ürək sözlərini çatdırıb. M.Yusifov qeyd edib ki, ölkə Prezidenti bütün çıxışlarında hər zaman Azərbaycan dövləti və xalqı olaraq heç vaxt işğalla barışmayacağımızı bildirirdi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazandığımız tarixi Qələbə də bunu bir daha sübut etdi. M.Yusifov bu tarixi Zəfərə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində nail olduğumuzu vurğulayıb. Hərb tariximizə qızıl hərflərlə yazılanVətən müharibəsində tarixi Qələbəni Azərbaycan xalqına bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə ömür boyu borclu olduğumuzu diqqətə çatdırıb. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğının Qazaxda da olduğu kimi icra olunmasını yüksək qiymətləndirib və buna görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan xalqı tariximizin şanlı səhifələrindən biri olan Qubadlının işğaldan azad olunmasının birinci ildönümünü qürurla qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun döyüş meydanında düşməni məhv etməsi, 30 illik həsrətdən sonra doğma torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə əldə etməsi bir daha sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. V.Nəbiyev qazanılan Qələbədə Azərbaycan gənclərinin böyük rolu olduğunu bildirib. O gənclər ordusu ki, Ali Baş Komandanın "Dəmir yumruğ”u ətrafında sıx birləşərək döyüş meydanında igidliklər göstərdilər və düşmənə bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır!

GOYEZEN.AZ


Geri qayıt