Əsas Səhifə > Manşet / Şəhidlər > Millət vəkili Səməd Seyidov Qazaxda Vətən müharibəsi şəhidlərinin ildönümləri ərəfəsində ailələrini ziyarət edib
Millət vəkili Səməd Seyidov Qazaxda Vətən müharibəsi şəhidlərinin ildönümləri ərəfəsində ailələrini ziyarət edib7-10-2021, 20:18 |
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altındaAzərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 44 günlük haqq savaşında tarixi ədalət bərpa edilərək 30 illik Vətən, yurd həsrətinə son qoyuldu. Qazandığımız böyük Qələbə ilə bütün dünya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun gücünü gördü. Cənab Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” devizini 44 gün ərzində reallığa çevirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları bunu döyüş meydanında göstərdikləri şücaətlə bir daha sübut etdilər. "Qarabağ Azərbaycandır!” şüarını əldə rəhbər tutan Qazaxın igid, mərd, cəsur oğulları da torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucaldılar. Vətən müharibəsinin, İkinci Qarabağ müharibəsinin şəhidi olaraq adlarını xalqımızın qəlbinə və hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Tarixi ədalətin bərpa olunması üçün son damla qanlarına kimi vuruşaraq torpaq uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu bizlərə, gələcək nəsillərə bir daha nümayiş etdirdilər. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Vətən müharibəsi şəhidlərinin ildönümləri ərəfəsində onların ailələrini ziyarət edib. Vətən uğrunda canlarını qurban edən şəhidlərimizin - Bala Çaylı kənd sakini gizir Məmmədov Səbuhi Hümbət oğlunun, Birinci Şıxlı kənd sakinləri kapitan Pənahov Rövşən Mahmud oğlunun, əsgər Nəsibov Nicat Səməd oğlunun, Qazax şəhər sakinləri gizir Orucov Elvin Rövşən oğlunun, əsgər Hüseynov İlqar Yaşar oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Şəhidlərimizin ailələrinə, yaxınlarına, valideynlərinə bir daha başsağlığı verilib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı qeyd edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün xalq olaraq fəxrlə, qürurla səsləndirdiyimiz şanlı Qələbəmizə, Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb tariximizə yeni salnamə yazan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirib. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdiyi diqqət və qayğısının bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğunu söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da şəhidlərimizin xatirəsinin əziz tutulacağını, onların ailələrinə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib. Qazaxda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açan icra başçısı Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət yaradılan guşəni, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulmasını, şəhərin N.Nərimanov küçəsində şəhidlərin xatirələrini əbədiləşdirmək məqsədilə inşa olunan Abidə Kompleksini həmin işlərin bariz nümunəsi kimi qeyd edib. "Şəhidlərimiz bizim baş tacımız, qürurumuzdur”, - deyən Milli Məclisin deputatı Səməd Seyidov bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib, ailələrinə bir daha başsağlığı verib. Torpaq uğrunda canından keçən vətənpərvər oğullar böyüdən ata və anaların hər birimizin fəxri olduğunu bildirib. Millət vəkili şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində xalqımızın 30 illik Vətən həsrətinə son qoyulduğunu qeyd edib. 44 günlük savaşda əldə etdiyimiz qələbəyə görə igid oğullarımıza borclu olduğumuzu vurğulayıb. Millət vəkili qeyd edib ki, nə qədər Azərbaycan dövləti və xalqı var, illər keçsə də, nəsillər dəyişsə də şəhidlərimizin qəhrəmanlığı heç vaxt yaddan çıxmayacaq. Millət vəkili qanları ilə tarix yazan oğullarımızın döyüş yolunun, həyatının, Vətən üçün göstərdikləri qəhrəmanlıqlarının gələcək nəsillər üçün hər zaman nümunə və örnək olacağını söyləyib. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirən ailələr həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının döyüş meydanında göstərdikləri igidliklərini qiymətləndirərək orden və medallara layiq görülməsini, adlarının əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildiriblər. Şəhid ataları, anaları tək övladları ilə deyil, bütün şəhidlərimizlə qürur duyduqlarını, onlarla fəxr etdiklərini qeyd ediblər. Şəhid övladlarının, eləcə də bütün şəhidlərimizin qisaslarının alındığını, torpaqlarımızın azad olunması ilə onların ruhlarının rahatlıq tapdığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər. Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”,"Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun ailəsi
Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi
Geri qayıt |