Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi Davud Qurbanov ildönümündə yad edilib

Qazaxda Vətən müharibəsi şəhidi Davud Qurbanov ildönümündə yad edilib


3-10-2021, 15:19


2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Tarixə 44 günlük müharibə kimi yazılmış Vətən müharibəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, qəhrəman hərbçilərimizin keçdiyi şərəfli Zəfər yolu, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, qazanılan şanlı Qələbə xalqımız tərəfindən hər zaman qürurla xatırlanacaq. Çünki Vətən torpaqlarının azadlığı uğrunda aparılan bu savaşda xalqımız milli həmrəylik, ordumuz rəşadət nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyəti, xalq və ordunun sarsılmaz birliyi, əsgər və zabitlərimizin Vətən sevgisi sayəsində xalqımızın illərdir yaşadığı yurd həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də əsgər Qurbanov Davud Tariyel oğludur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş əsgər Davud Qurbanovun ildönümünü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs yad edib. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,  icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ailələri, şəhidimizin yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun ildönümü mərasimində iştirak ediblər.

Qəhrəman şəhidimizin Birinci Şıxlı kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, tər qərənfillər düzülərək ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. 



Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb.

"44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğ”u ətrafında sıx birləşən və döyüş meydanında igidlik göstərən Davud kimi qəhrəman oğullarımızın sayəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Bu gün qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Davud kimi vətənpərvər oğullarımıza borcluyuq. Nə qədər Azərbaycan xalqı var, Davud kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq”, - deyən birinci müavin igid Vətən oğulları ilə hər birimizin fəxr etdiyini bildirib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Davudun xatirəsinin daim əziz tutulacağını vurğulayıb.

44 günlük Vətən müharibəsindən söz açan birinci müavin bu müharibədə Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Davudun təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu söyləyib.


M.Alıyev Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. İstər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini vurğulayıb. Həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirən birinci müavin rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə davam etdirildiyini qeyd edib.


Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan birinci müavin Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin  yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrildiyini bildirib.


Əsgər Qurbanov Davud Tariyel oğlu


Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında "Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından "Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindənhəqiqi hərbi xidmətə çağrılmışdır. Əsgər Davud Qurbanov 02.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.


Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Davud Qurbanovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Davud kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.




GOYEZEN.AZ


Geri qayıt