Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi bu gün hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrilib
Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi bu gün hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrilib30-09-2021, 17:44 |
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri kimi hərb tariximizə, xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 44 günlük müharibədə şanlı Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur və yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan dövləti bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğumuzu sübut etdi. "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdığımız Vətən müharibəsi xalqımızın 30 illik torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü ordunun formalaşdığını hər kəsə bir daha nümayiş etdirdi. Qazaxda dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Rayonda şəhidlərimizlə bağlı görülmüş işlər bununla da bitmədi. Şəhidlərimizin adını əbədiləşdirən daha bir ünvan Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədir. Bu, yenə də şəhidlərimizə olan hörmət və etiramı özündə əks etdirir. Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər an xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək ən ümdə iş hesab edilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin yer alması bu sahədə atılan ilk addımlardandır. 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün görülən nümunəvi işlərdən biri də inşa olunan Abidə Kompleksidir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramın daha bir bariz nümunəsidir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi bu gün canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkana çevrilib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu Abidə Kompleksi şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramı uzun illər özündə əks etdirəcək. Bu gün bu məkan nəinki rayon sakinlərinin, eləcə də Qazaxa qonaq gələn hər kəsin üz tutduğu, ziyarət etdiyi, şəhidlərimizə olan ehtiramlarını çatdıracağı müqəddəs bir ünvandır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonumuzda qonaq olan ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, Universitetin akademik işlər üzrə prorektoru Vəfa Kazdal və digər əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər. Komplekslə tanış olan qonaqlar qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində yaradılan Abidə Kompleksini yüksək qiymətləndiriblər. Şəhidlərimizin adlarının yaşadılması üçün atılan nümunəvi addım kimi dəyərləndiriblər.
GOYEZEN.AZ Geri qayıt |