Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda daha iki Vətən müharibəsi şəhidinin təltif olunduqları medallar ailə üzvlərinə təqdim olunub
Qazaxda daha iki Vətən müharibəsi şəhidinin təltif olunduqları medallar ailə üzvlərinə təqdim olunub28-09-2021, 21:32 |
Ötən ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsi kimi əbədi olaraq yaddaşımıza yazıldı. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün hər bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdardır. 44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız orden və medallara layiq görüldülər. Vətən müharibəsinin şəhidləri tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu və "Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlu da Ali Baş Komandan tərəfindən medallarla təltif olundular. Adil Əfəndiyev ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, Mayis Yaqubov"Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər. 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin layiq görüldükləri "Vətən uğrunda” və "Hərbi xidmətlərə görə” medalları şəhidlərimizin ailə üzvlərinə təqdim olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev hər iki şəhidimizin evində olub, ailə üzvləri ilə görüşüb, medalları sahiblərinə çatdırıblar. Şəhid Adil Əfəndiyevin şəhərin Heydər Əliyev prospektində, Mərkəzi Xəstəxananın qarşısında adını əbədiləşdirən bulağını və Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər.
Kapitan Samir Çobanov və başqaları xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıblar. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd ediblər. Dövlətimiz, ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını vurğulayıblar. Şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin anası Afət Əhmədova, leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubov övladları ilə fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları medalları qəbul etməyin qürurverici olduğunu qeyd ediblər. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü söyləyiblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Məlumat üçün qeyd edək ki, bu günə kimi Vətən müharibəsində şəhid olmuş 50 nəfər hərbi qulluqçudan 49 nəfəri 176 orden və medallarla təltif olunub. Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun ailəsi
Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlunun ailəsi
Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu
Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlu
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. Mayis Yaqubov təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
"N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |