Bu gündən Azərbaycanda yeni tədris ili
başlayıb. Sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV)
siniflərində ənənəvi formada yeni dərs ilinə başlanılıb. Builki tədris ilini
müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır.
2021-2022-ci
tədris ilində I-XI siniflərdə ilk dərslər "Qarabağ Azərbaycandır!” mövzusuna
həsr olunacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2021-2022-ci tədris ilinin başlanması münasibətilə İslam Nəsibov adına Aşağı Əskipara və İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəblərində olub, müəllim-şagird kollektivinə səmimi təbriklərini
çatdırıb. Bu il məktəbə ilk qədəmlərini atan birinciləri təbrik
edən rayon rəhbəri ən xoş arzularını bildirib, gələcəkdə məzun olub təhsil
aldıqları məktəbin adını uca tutmalarını arzulayıb.
Respublika Prezidenti İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə
göstərilən yüksək dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısının göstərişinə
əsasən hər il respublikamızın bütün bölgələrində yeni məktəb binalarının
tikildiyini, müəllim və şagirdlərin təlim-tədris şəraitinin daha da
yaxşılaşdırıldığını bildirib. İcra başçısı
qeyd edib ki, rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani
göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin
və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni
məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin
istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov
adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın
inşa olunması, ölkə
başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4
avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan
yüksək diqqət və qayğısıdır. Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən
biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir
ki, bu məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin
həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Məktəbdə son tamamlanma işləri aparılır.
Rayon rəhbəri əyani tədrisin
davam etməsi üçün Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə,
sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinə diqqətin
artırılmasını bildirib.
Aşağı
Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev rayon rəhbərliyinin bu gün onları təbrikə gəlməsini istər müəllimlər,
istər şagirdlər üçün əsl bayram töhfəsi olduğunu bildirib və rəhbərlik etdiyi
kollektiv adından təşəkkürünü çatdırıb. İcra başçısının təhsil sahəsinə olan
qayğısından, uşaqlara olan sonsuz sevgisindən söz açaraq onlara göstərilən
etimadı bundan sonra da yüksək səviyyədə doğruldacaqlarını qeyd edib. Məktəb
direktoru bu tədris ilində məktəbdə hazırlıq qrupu da daxil olmaqla, 174 nəfər
şagirdin təhsil aldığını bildirib. Şagirdlərin təlim-tərbiyəsi ilə 31 nəfər
pedaqoji heyətin, 13 nəfər texniki işçinin məşğul olduğunu diqqətə çatdırıb. Bu
il məktəbdə 18 nəfər şagirdin 1-ci, 10 nəfər şagirdin isə 11-ci sinifə gedəcəyini
qeyd edib. 14 nəfər şagirdin 2-ci, 17 nəfər şagirdin 3-cü, 16 nəfər şagirdin
4-cü sinifdə təhsil aldığını vurğulayıb. Hazırlıq qrupunda təhsil alacaq 10 nəfər
şagirdin oktyabrın 1-dən tədrisə cəlb olunacağını söyləyib.
Kosalar kənd tam orta məktəbin
direktoru Samir Hüseynov da təhsil sahəsinə göstərdiyi
yüksək diqqət və qayğıya, istər müəllimlərə, istər şagirdlərə olan sonsuz dəyərə
görə icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını
çatdırıb. Bu tədris ilində 643 nəfər şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi
ilə 59 nəfər pedaqoji heyətin, 20 nəfər texniki işçinin məşğul olduğunu qeyd
edib. Bu il 2 sinifdə 56 nəfər şagirdin birinci sinifə ilk qədəmlərini atdığını
söyləyib. 2-ci sinifdə 67 nəfər (3 sinif), 3-cü sinifdə 84 nəfər (3 sinif), 4-cü
sinifdə 68 nəfər (3 sinif) şagirdin təhsil aldığını vurğulayıb. 3 hazırlıq
qrupunda təhsil alacaq 52 nəfər şagirdin oktyabrın 1-dən tədrisə cəlb
olunacağını söyləyib.
Məktəblilərlə səmimi söhbət edən
icra başçısı onların vətənpərvərlik mövzularında söylədikləri şeirlərini də dinləyib.
Kosalar kənd tam orta məktəbin 4c sinif şagirdi Fatimə Məmmədlinin Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi şair
Barat Vüsalın yazdığı "Şuşanı alan oğullar!” şeirini məharətlə söyləməsini
razılıqla qarşılayan rayon rəhbəri məktəbliyə və müəllimlərinə təşəkkürünü
bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov sonda məktəbliləri bir
daha təbrik edib, xoş arzularını çatdırıb və onlarla xatirə şəkli çəkdirib.
Qeyd
edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri
üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində
də ənənəvi şəkildə tədrisə başlanılacaq.
İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəb
İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəb
GOYEZEN.AZ
Geri qayıt
|