Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Qazaxda Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb


17-09-2021, 15:05

Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyib atalarımız. Bu şüarı özünün həyat amalı seçən neçə-neçə oğullarımız şirin canlarından keçərək ən uca məqama – Şəhidlik zirvəsinə ucaldılar. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edir, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda bu günə kimi 338 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Qazaxın igid oğulları da qəhrəmancasına vuruşaraq, düşünmədən ölümün gözünə dik baxdılar. Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda, doğma Qarabağımızın yağı düşməndən azad olunması üçün mənfur düşmənin üzərinə yeridilər. Xalqımızın haqq savaşında Qazaxın 50 nəfər igid oğlu şirin canlarından keçərək Şəhidlik adlı uca zirvəni fəth etdilər.

Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda əbədi yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın, bütün şəhidlərimizin xatirəsi Qazaxda hər zaman əziz tutulur. Bütün şəhidlərimiz kimi, 44 günlük Vətən müharibəsi şəhidləri də daim diqqətdə saxlanılır.

Bizi böyük Zəfərə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin hər il ölkəmizdə Anım Günü kimi qeyd olunması üçün Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamından irəli gələn tapşırıq və tövsiyələrin icrası məqsədilə Qazaxda da 27 sentyabr Anım Günü ilə bağlı  silsilə tədbirlər keçirilir. Sözü gedən tədbirlərə 13 sentyabrdan başlayaraq Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib.

Sentyabrın 17-də silsilə tədbirlərin davamı olaraq Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Şəhərdəki şəhidlər qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidlərindən ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlnun, ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun, eləcə də Birinci Qarabağ müharibəsində canından keçən şəhidlərimizin məzarları ziyarət edilib, tər qərənfillər düzülərək əziz xatirələri dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, RİH başçısının İƏD üzrə nümayəndələri, məktəb direktorları, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, məktəblilər şəhidlərimizə olan hörmət və ehtiramlarını bildiriblər.  



 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov anım tədbirini giriş sözü ilə açaraq bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı arzulayıb. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu diqqətə çatdırıb. "Hər bir şəhid ailəsi mənim öz ailəmdir”, - deyən icra başçısı fəaliyyətə başladığı gündən şəhdlərimizin, onların ailələrinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu bildirib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşdığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən işlərin bariz nümunəsi olaraq göstərib.

İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin fəxr, qürur yerimiz olduğunu bildirib.

"Vətən müharibəsi şəhidləri torpaq uğrunda canından keçən bütün şəhidlərimizin qisasını aldılar, qazilərimizin, xalqımızın illərdir arzusunda olduğu Qələbəni bəxş etdilər”, - deyən icra başçısı Azərbaycan xalqının fəxri olan şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını qeyd edib.


"Bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, onların şəhid ailələrinə, qazilərimizə qayğısı yüksək səviyyədədirsə, bu, hər kəs üçün nümunə olmalıdır. Kimliyindən asılı olmayaraq istər dövlət məmuru olsun, istərsə də vicdanı olan hər kəs şəhidlərimizi yad etməli, onların ailələrinə, övladlarına sahib çıxmalıdır. Şəhidlərimizin xatirəsi daim əziz tutulmalıdır”, - deyən icra başçısı şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib. Bugünkü ziyarətin təməlində dövlətimizin, ölkə başçısının və Birinci vitse-prezidentin şəhidlərimizə, qazilərimizə, onların ailələrinə olan qayğılarının, hörmət və ehtiramlarının dayandığını bir daha vurğulayıb.  


İcra başçısı rayonda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov çıxış edərək bir qazi kimi dövlətimiz, ölkə başçısı və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizin ailələrinə, qazilərimizə göstərdiyi qayğının Qazaxda da olduğu kimi, hiss olunmasını, rayon rəhbərliyi tərəfindən davam etdirilməsini razılıq hissi ilə qarşılayıb. "Bugünkü tarixi Qələbəmizi şəhidlərimizə və qazilərimizə borcluyuq”, - deyən S.Çobanov bütün şəhidlərimizlə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib.

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və xalqımızın 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduğunu bildirib. Ötən ilin 27 sentyabrında başlayan və 10 noyabrda düşmənin kapitulyasiya aktını imzalaması ilə başa çatan Vətən müharibəsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib. Tarixi Qələbəni Azərbaycan xalqına bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə ömür boyu borclu olduğumuzu diqqətə çatdırıb. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğının Qazaxda da olduğu kimi icra olunmasını yükəsk qiymətləndirib və buna görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar BirliyiQazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ölkə başçısının, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin şəhidlərimizin ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəs üçün nümunə olduğunu söyləyib və həmin qayğını bizlərin də əməli işlərimizlə göstərməyi tövsiyə edib. Şəhidlərimizin xatirəsinə yazdığı "And yeri” adlı şeirini səsləndirən şair Barat Vüsal igid Vətən oğullarını ehtiramla yad edib.


Şəhid ailəsi, Bala Cəfərli kənd ibtidai məktəbin direktoru Yasəmən Quliyeva, şəhid ailəsi, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi Qazax rayon şöbəsinin sədri Kifayət Mustafayeva, şəhid qardaşı Nəsib Nəsibov çıxış edərək şəhid ailəsi olaraq hər zaman dövlətin, ölkə başçısının, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin qayğısını hiss etdiklərini bildiriblər. Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından təşəkkürlərini çatdırıblar. Bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını, qisaslarının alındığını qeyd ediblər. Ən əsası da illərdir arzusunda olduqları üçrəngli Azərbaycan Bayrağının bu gün işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalandığı üçün Ali Baş Komandana, hərbçilərimizə, əsgər və zabitlərimizə, torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu bir daha qeyd ediblər. Bugünkü ziyarəti bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.

Vətən müharibəsi iştirakçısı Röyal Kərimov da çıxış edərək şəhidlərimizlə fəxr etdiyini, şəhid anaları, ailələri qarşısında baş əydiyini söyləyib. Qazi kimi dövlətin qayğısını hər zaman hiss etdiyini, bu gün də həmin qayğının davam etdirildiyini bildirib. R.Kərimov ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkür edib.


Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Aysel Vələdova, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin VIII sinif şagirdləri Sevda Adıgözəlova, Lamiyə Cəfərli, Əsmər Hüseynova, 4-cü sinif şagirdi Ayan Məmmədova, 9-cu sinif şagirdi Əsgər Hacızadə qəhrəman oğullarımıza həsr olunmuş şeirlərlə şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Şəhidlərə, onların ailə üzvlərinə olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.

GOYEZEN.AZ


Geri qayıt