Əsas Səhifə > Manşet / Şəhidlər > 27 sentyabr Anım Günü ərəfəsində Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

27 sentyabr Anım Günü ərəfəsində Qazaxda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib


16-09-2021, 21:22


Azərbaycanın haqq savaşı,Vətən müharibəsi ötən il sentyabrın 27-də başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki,ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdik. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdar olmalıyıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfəri Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərə çatdırmalıyıq. 30 illik həsrətdən, ayrılıqdan sonra işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixini heç vaxt unutmamalı, daim qürurla xatırlamalıyıq. Bizi böyük Zəfərə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin hər il ölkəmizdə Anım Günü kimi qeyd olunması üçün Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamı da məhz bu məqsəd və amala xidmət edir.

Ölkə başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıq və tövsiyələrin icrası məqsədilə Qazaxda da 27 sentyabr Anım Günü ilə bağlı  silsilə tədbirlər keçirilir. Sözü gedən tədbirlərə ilk olaraq Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə başlanılıb. 13 sentyabrdan start götürən ziyarətlər bu gün də davam etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində rayonun Aşağı Əskipara, Ağköynək, Qarapapaq, Orta Salahlı kəndlərindən, eləcə də şəhərdən şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, tər qərənfillər düzüb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.

Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə yazılmış "Qanları ilə dastan yazanlar" kitabının müəllifi, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quluyev, şəhidlərimizin vaxtilə təhsil aldıqları məktəblərin direktorları, müəllimləri, şəhid ailələri ilə birlikdə edilən ziyarətlərdə torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, Allahdan rəhmət, ailələrinə səbir dilənib. 

İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin fəxr, qürur yerimiz olduğunu bildirib. Azərbaycan xalqının fəxri olan şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını qeyd edib.

"Bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, onların şəhid ailələrinə, qazilərimizə qayğısı yüksək səviyyədədirsə, bu, hər kəs üçün örnək olmalıdır. Kimliyindən asılı olmayaraq istər dövlət məmuru olsun, istərsə də vicdanı olan hər kəs şəhidlərimizi yad etməli, onların ailələrinə, övladlarına sahib çıxmalıdır. Hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalıdır. Bu gün mən də özümə borc bildim ki, Anım Günü ərəfəsində şəhidlərimizi ziyarət edim, onlara olan ehtiramımı bildirim”, - deyən icra başçısı şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib. Anım tədbirlərinə də ilk olaraq şəhidlərimizin məzarlarının ziyarət olunması ilə başlanıldığını qeyd edib. Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiram kimi dəyərləndirib.

Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu qeyd edib.

Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov və başqaları Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlığını bildirib. Bugünkü ziyarəti övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi qeyd edib.

Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu






Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlu





Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlu





 

Ağköynək kəndinin şəhid övladı kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu




Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlu




 

Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu







Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlu

GOYEZEN.AZ


Geri qayıt