Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi Babək Həsənovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi Babək Həsənovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib14-09-2021, 21:33 |
Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər oldu və sonunda Böyük Qələbə qazandı. Azərbaycanın igid oğulları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərinin döyüş əzmini, gücünü nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya bir daha anladı və dərk etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan igidlərimizdən biri də Həsənov Babək Saleh oğludur. Bu gün yaşasaydı 31 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 5 medalla təltif olunmuş Babək Həsənovun doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Bu amili əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır. Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Babək Həsənovun da cənnətdəki ilk doğum gününü ailəsi ilə birlikdə qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidimizin vaxtilə təhsil aldığı Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev və məktəbin müəllimləri ilə birlikdə şəhidimizin ata ocağında olub. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Babək kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. "Bu gün Babəkin doğum gününü onsuz qeyd etsək də, o, daim bizim qəlbimizdə yaşayır. 30 yaşında Şəhidlik zirvəsinə ucalan Babək qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Babəkin igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnəkdir. Babək kimi oğullarımızın sayəsində işğal altında olan torpaqlarımız azad olundu və bütün şəhidlərimizin qisası alındı, bu gün onların ruhu şaddır”, - deyən rayon rəhbəri Babək tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə hər zaman qürur duyulacağını vurğulayıb.
"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər bir dövlət məmuru, eləcə də hər kəs üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını söyləyib. Şəhid anası Gülarə Həsənova hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Babəkin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid anası oğlu ilə hər zaman fəxr edəcəyini söyləyib. Gülarə ana tək arzusunun övladının uğrunda canından keçdiyi həmin torpaqları ziyarət etmək, Babəkin Şəhidlik zirvəsinə ucaldığı Laçında olmaq olduğunu da bildirib. O günü səbirsizliklə gözlədiyini və arzusuna çatacağı günün çox uzaqda olmadığını söyləyib.
Həsənov Babək Saleh oğlu
Şəhid Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-cı ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinəhəqiqi hərbi xidmətə çağrılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2013-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 04.11.2020-ci il tarixdə Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Əfsanə adlı 1 azyaşlı qız övladı yadigar qalıb. Vətən uğrunda canından keçən şəhidimizin döyüş meydanında göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Babək Həsənov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |