Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi çavuş Xaliddin Veyislinin doğum günündə adını əbədiləşdirən bulağın açılışı olub
Qazaxda Vətən müharibəsi şəhidi çavuş Xaliddin Veyislinin doğum günündə adını əbədiləşdirən bulağın açılışı olub14-09-2021, 20:37 |
Bu gün bütün dünya Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbədən, böyük Zəfərdən danışır. 2020-ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu. Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işidir. Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də çavuş Veyisli Xaliddin Zərgər oğludur. Bu gün yaşasaydı 40 yaşını qeyd edəcəkdi igid Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xaliddin Veyislinin doğum gününü ailəsi ilə bərabər yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Sentyabrın 14-də qəhrəman şəhidimizin doğum günündə şəhərin mərkəzində Heydər Əliyev prospektində adını əbədiləşdirən bulağın açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının üzvləri, məktəb direktorları, şəhidimizin vaxtilə təhsil aldığı Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi, Vətən müharibəsi qazilərindən mayor Xəyyam Əliyev, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər. Əvvəlcə qəhrəman şəhidimizin Şəhidlər qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Qəhrəman şəhidimizin xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.
Sonra şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, tər qərənfillər düzülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Xaliddin Veyisli kimi igid Vətən oğullarının hər birimiz üçün əziz olduğunu bildirib. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini, qəhrəman oğullarımızın, bütün şəhidlərimizin, o cümlədən də Xaliddinin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.
44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən də danışıb. Şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdıqlarını qeyd edib. Şəhidlik zirvəsinə ucalan Xaliddinin döyüş meydanında göstərdiyi igidliyindən danışan icra başçısı illər ötsə belə həmin qəhrəmanlığın dillər əzbəri olacağını söyləyib. İcra başçısı igid Vətən oğlunun döyüş meydanında göstərdiyi şücaətin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb. Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Xaliddinin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin vurulduğunu diqqətə çatdırıb. Hazırda şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu söyləyib. Rayon rəhbəri ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən hər il ölkəmizdə qeyd ediləcək 27 sentyabr Anım Günü ilə bağlı rayonda silsilə tədbirlərin keçiriləcəyini, həmin tədbirlərə də ilk olaraq şəhidlərin məzarlarının ziyarəti olunması ilə start verildiyini diqqətə çatdırıb. İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoyan şəhidlərimizə, onların ailələrinə qayğı göstərməyin, sahib çıxmağın hər birimizin borcu olduğunu bildirib.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə razılığını ifadə edib. Qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşən natiq Xaliddin Veyislinin Vətən, yurd sevdalı olduğunu, Şəhidlik zirvəsinə ucalmağı hər zaman özünə şərəf saydığını, məhz bu amal uğrunda da canından keçdiyini, ən uca zirvəyə yüksəldiyini qeyd edib.
Şəhidimizin vaxtilə təhsil aldığı S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin sabiq direktoru, təqaüdçü müəllim Bəsti Ələkbərova çıxış edərək məktəbdə tərbiyəsi, əxlaqı, səliqə-sahmanı, vətənpərvərliyi ilə seçilən Xaliddinin bu gün aramızda olmasa da onun əziz xatirəsinin daim bizim qəlbimizdə əbədi yaşayacağını, məktəb kollektivi olaraq igid şagirdləri ilə fəxr etdiklərini, ruhu qarşısında baş əydiklərini dilə gətirib. Xaliddinin adının yaşadılması üçün məktəbin həyətində adını daşıyan bulağın inşa olunduğunu və guşəsinin yaradıldığı qeyd edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hürü Vəliyeva çıxış edərək Xaliddin Veyisli haqqında ürək sözlərini bölüşüb. Vətənə, xalqa olan sevgisinin bu gün Xaliddini qəhrəman etdiyini bildirib. Onun qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu, dərs dediyi şagirdlərinə də məhz Xaliddin kimi igid oğulları nümunə göstərdiyini, onların vətənpərvər ruhda tərbiyə olunması üçün şəhidlərimizin keçdiyi yola nəzər salmağı tövsiyə etdiyini qeyd edib. Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə yazılmış "Qanları ilə dastan yazanlar" kitabının müəllifi, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl çıxış edərək kitab haqqında qısa məlumat verib. Kitabı oxuyan hər kəsin şəhidlərimizi daha yaxından tanımaq imkanının olduğunu bildirib. 50 qəhrəman şəhidimiz haqqında yazılmış kitabda şəhidlərimizin necə şərəfli bir yol keçdiklərinin aydın şəkildə öz əksini tapdığını, kitabı oxuduqca bunun bir daha şahidi olduğumuzu söyləyib.
Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlığını bildirib. Sonra S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin 4a sinif şagirdləri Sunar Quluyeva, Aişə Rüstəmzadə, Hürrəm Rüstəmzadə, eləcə də şəhidimizin övladları və qardaşı övladları şəhidimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhid atası Zərgər Veyisov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını Xaliddinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Xaliddin və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Xaliddinin adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Çavuş Veyisli Xaliddin Zərgər oğlu
Şəhid Xaliddin Veyisli 14 sentyabr 1981-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1998-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1999-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2001-ci ildə hərbi xidməti başa vurmuşdur. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. Xaliddin Veyisli qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013-cü il tarixli Əmri əsasında"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)",Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli Əmri əsasında"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır. "N” saylı hərbi hissəsinin manqa komandiri, (MAHHXHQ), çavuş Xaliddin Veyisli 26.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Jalə adlı qız, Fəqan adlı oğul övladı yadigar qalıb.
Bütün şəhidlərimiz kimi Xaliddin Veyislinin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid çavuşumuzun da adı var. Xaliddin Veyisli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
GOYEZEN.AZ Geri qayıt |