Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi çavuş Elməddin Pənahovun doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib

Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi çavuş Elməddin Pənahovun doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib


7-09-2021, 19:06

 

2020-ci il sentyabrın 27-dən başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi, İkinci Qarabağ savaşı! Zəfər dolu günləri, qalib ölkənin vətəndaşı olmaq sevincini Azərbaycan xalqı bu gün də qürur hissi ilə xatırlayır. Bu sevinci isə bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bəxş etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək Şəhidlik zirvəsinə yüksəldilər. Onlar uca bir məqama çatmaqla öz adlarını hərb tariximizə və xalqın tarixi yaddaşına əbədi həkk etdilər.

Vətən, dövlət və xalq qarşısında öz borcunu layiqincə sonadək ödəyib qəhrəmanlıq nümunəsi göstərən, Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də çavuş Pənahov Elməddin Məqsəd oğludur.

Bu gün yaşasaydı 38 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Elməddin Pənahovun doğum gününü bu gün ailəsi ilə bərabər yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. 

Hər kəsə o da yaxşı məlumdur ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da örnək götürülür.  Bu amili hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır.

Ənənəsinə sadiq qalan icra başçısı bu gün Vətən müharibəsi şəhidi çavuş Elməddin Pənahovun da cənnətdəki ilk doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib.



Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, Vətən müharibəsi qazilərindən mayor Xəyyam Əliyev, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları şəhidimizin dəfn olunduğu Ürkməzli kənd qəbiristanlığında məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar. 

İgid Vətən oğlunun, eləcə də torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, Allahdan rəhmət, ailələrinə səbir dilənib. 

Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin, o cümlədən də çavuş Elməddin Pənahovun xatirəsinin hər zaman əziz tutulacağı, onların daim qəlblərdə əbədi yaşayacaqları qeyd olunub. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğu vurğulanıb. 





Çavuş Pənahov Elməddin Məqsəd oğlu


Şəhid Elməddin Pənahov 7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsindəmüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır.

 

"N” saylı hərbi hissənin tuşlayıcısı MAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb.


Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Elməddin Pənahov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.



 

GOYEZEN.AZ


Geri qayıt