Əsas Səhifə > Manşet / Rəsmi > Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir


15-06-2017, 12:00

Qazaxda 15 iyun – Milli Qurtuluş Günü qeyd olunub


Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
Tədbirdə rayon rəhbərliyi, RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib və abidəsi önünə gül-çiçək dəstələri qoyulub.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 15 iyun – Milli Qurtuluş Günü münasibətilə xalqımızı, tədbir iştirakçılarını təbrik edib, onlara möhkəm cansağlığı və xalqımızın xoş gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, XX əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər, həlledici anlarda vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
70 illik ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu qurban vermişdir. Hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü.

Ümummilli lider Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideyalara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarkarlıqlar göstərmişdir.

Xalqın səsinə səs verən ümummilli lider hakimiyyətə gələn kimi ilk növbədə qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Qısa bir müddət ərzində ölkədəki böhran aradan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni xaosdan və dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.

İndi hər il Azərbaycan xalqı iyunun 15-ni Milli Qurtuluş Günü kimi bayram edir. Həmin gün Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkə əhalisi rahat nəfəs almağa başladı. O vaxt xalqımızın böyük oğlu demişdir: “Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edəcəyəm”. Ümummilli liderimiz bunu yorulmaz fəaliyyəti, məqsədyönlü işi və sanballı əməlləri ilə sübuta yetirdi.

Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu. Xalq öz böyük, sınanmış liderinin sayəsində Milli Qurtuluşa nail oldu. Heydər Əliyev bu yolda gördüyü işlərlə, iqtisadi islahatlar, hüquqi demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində XX və XXI əsr Azərbaycanın ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Ən böyük xoşbəxtlik ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi strategiyasının bu gün onun ideyalarına sadiq olan Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ulu öndərin vaxtilə dediyi fikirlər bu gün öz təsdiqini bir daha tapır: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik məharəti, dünya iqtisadiyyatında gedən prosesləri dərindən bilməsi nəticəsində bu gün müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyat olduğu göstərilmişdir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də milli-maddi və qeyri-maddi mənəvi irsimizin qorunub saxlanılması, təbliği, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür.

BMT-nin sivilizasiyalar alyansının 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu. Bu möhtəşəm tədbirdə 147 ölkəni təmsil edən 4 mindən artıq nümayəndə qatıldı. Tədbirin möhtəşəmliyi bir daha Azərbaycanın beynəlxalq multikultural mərkəz olaraq dünyaya tanıdılmasının sübutu oldu.

“Avroviziya”, “İlk Avropa Oyunları”, “IV İslam Həmrəyliyi Oyunları”, 42-ci Ümumdünya Şahmat Olimpiadasının və “Formula-1” kimi mötəbər beynəlxalq tədbirlərin təşkil edilməsi Azərbaycanın beynəlxalq arenada böyük nüfuza malik olduğunu bir daha sübuta yetirdi.
May ayının 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Həmrəyliyi Oyunlarında Azərbaycanın birinci yeri tutaraq 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanması idman ölkəsi olaraq özünü dünyada bir daha tanıtdırdı və bu beynəlxalq yarışın qalibi oldu.

XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi göstərdi ki, Azərbaycan dünyada neft-qaz hasil və ixrac edən etibarlı tərəfdaşdır. “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm də qaz hasil və ixrac edən ölkəyə çevirmişdir. “Cənub Qaz Dəhlizi” dünya miqyasında nadir layihədir və Avropa məkanında infrastruktur layihələri arasında birincidir.

Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. 2016-cı ildə əvvəlki illə müqayisədə qeyri-neft sektoru 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Ötən il 485 məktəb əsaslı təmir edilmiş, 29 yeni məktəb binası inşa olunmuş, 41 xəstəxana tikilmiş və ya əsaslı təmir edilmiş, 100 mindən çox daimi iş yeri açılmışdır.

Bütün bunlar dövlətin həyata keçirdiyi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasından sonra əldə olunan neft gəlirlərinin qeyri-neft sənayesinin inkişafına yönəldilməsi ilə səciyyələnən hərtərəfli inkişaf konsepsiyasının nəticəsidir. Ölkə Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirərək ölkənin sənayeləşməsində böyük nailiyyətlərə imza atmışdır. Dövlət başçısının bilavasitə təşəbbüsü ilə ölkənin iri şəhərlərində və regionlarda kiçik, orta, həmçinin böyük istehsal gücünə malik qeyri-neft sektoruna aid müəssisələr fəaliyyətə başlamışdır.

2014-cü ilin “Sənaye ili” elan edilməsi və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi bu sahədə işlərin kompleks şəkildə, ardıcıllıqla aparılmasına təkan vermişdir. Ölkədə iqtisadiyyatın inkişafına yönəldilmiş bu layihələrin reallaşdırılması eyni zamanda əhalini narahat edən çox böyük sosial problemlərin də həllinə xidmət edir.

Qeyri-neft sektorunun inkişafında böyük paya sahib olan aqrar sektorda intensiv texnologiyaları tətbiq etməklə sənaye tipli iri müəssisələrin yaradılmasına da xüsusi diqqət yetirilir. Cənab Prezidentin tapşırıqlarına əsasən 25 rayon üzrə 155 min hektar sahədə 36 aqroparkın, o cümlədən 13 müasir heyvandarlıq kompleksinin, 23 iri bitkiçilik təsərrüfatının yaradılması ilə bağlı müvafiq işlərə başlanılmışdır. Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığının aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Respublika Prezidenti İlham Əliyevin Qazax rayonuna 8 dəfə səfər etməsi onun regionların sosial-iqtisadi inkişafına böyük diqqət və qayğı göstərməsinin əyani təzahürüdür. Qazax rayonunda son illər tikilib istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Konserv zavodu, Sement zavodu, “AzRosPromİnvest” birgə müəssisəsi, Gənclər Mərkəzi, Şahmat Mərkəzi, Ədəbiyyat Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolu, 110/35/6 kv-luq “Daş Salahlı” yarımstansiyası, "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" və onlarla digər sosial və istehsal yönümlü obyektlər məhz möhtərəm prezidentimizin təşəbbüsü, rayonumuza göstərdiyi diqqət və qayğısının nəticəsidir. Həmin obyektlərin açılışında möhtərəm Prezidentimizin şəxsən özü iştirak etmişdir. Hazırda rayonda geniş tikinti-quruculuq və abadlıq işləri davam edir, mərkəzi küçə və prospektlər, park və xiyabanlar yenidən qurulur, yaşıllıqlar salınır.

Qazax şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının, “Azərxalça” ASC tərəfindən 160 iş yerlik Xalça fabrikasının, hər birinin illik istehsal gücü 50 min ton olan 2 yeni əhəng zavodlarının, “HGC GROUP” MMC-nin ikinci istehsal xəttinin, rayon Mərkəzi Xəstəxanasının, Qazax-Əskipara yolu ilə birləşdirən uzunluğu 6 kilometr olan Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi, 3 kənd uşaq bağçalarında əsaslı təmir işləri davam edir.

Respublika Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyü və fasad hissəsi təmir olunmuşdur. Bundan əlavə 15 çoxmənzilli binalarda təmir işləri nəzərdə tutulmuşdur, bundan da 14 binada işlər başa çatmış, 1 binada işlər davam etdirilir.

Əhalinin məşğulluğunun təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə əlavə olaraq, Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri nəzərdə tutulmasına baxmayaraq, hazırda 38 binada təmir işləri başlanılmışdır. Bundan 8 binada işlər yekunlaşmış, 11 binada son tamamlama işləri aparılır, 19 binada işlər davam etdirilir.

Ölkə Başçısı İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə 01.07.2016-cı il tarixdən etibarən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı elan edilmişdir. Filialın yeni tədris binasının tikintisi ilə bağlı 8 hektar torpaq sahəsinin ayrılması məqsədilə sənədləşmə işləri aparılır, yaxın zamanlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.

“Qazax rayonu Azərbaycanın paytaxtından ən uzaqda yerləşən rayonlardan biridir. Ona görə bu rayona xüsusi diqqət, xüsusi qayğı göstərilməlidir” fikri möhtərəm Prezidentimizin Qazaxa və qazaxlılara çox böyük diqqət və qayğısıdır. Bu sözlər bizi daha yaxşı işləməyə, çalışmağa ruhlandırır, xoşbəxt gələcəyə və işıqlı sabaha inamımızı daha da artırır.

Sonra çıxışlar olub. YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov, BDU-nun Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, AYB Qazax zona filialının sədri Barat Vüsal çıxış edərək o dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi ilə ulu öndər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınmasından danışıblar.

Elçin İSMAYIL

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
Geri qayıt