Əsas Səhifə > Manşet / Rəsmi > Alpout kənd sakinlərinin müraciəti müsbət həll olunub

Alpout kənd sakinlərinin müraciəti müsbət həll olunub


28-08-2021, 16:29


Respublika Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətinin əsas tərkib hissəsi olmalıdır. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr məhz bu məqsədə xidmət edir. Həyata keçirilən bütün işlərdə, uğurla icra edilən layihələrdə vətəndaş məmnunluğuna üstünlük verilir.

Bu gün tam əminliklə deyə bilərik ki, vətəndaş amili, sakinlərin mövqeyi Qazaxda da hər zaman əsas götürülür. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizi əyani şəkildə sübut edir.

Ötən gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Qazax Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevlə birlikdə bir qrup Alpout kənd sakininin müraciətinə yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlar verməsi barədə məlumat vermişdik. Vətəndaşlara olan qayğının bariz nümunəsidir ki, sakinlərin Coğazçay su hövzəsindən kənddə yerləşən subartezian quyusuna əlavə su xəttinin verilməsi üçün elektrik dayaqlarının, yeni nasosun qoyulması və xəttin çəkilməsi ilə bağlı müraciətləri artıq müsbət həll olunub. Belə ki, kənd sakinlərinin istəyi nəzərə alınaraq Coğazçay su hövzəsindən yeni nasos qoyularaq 300 metr uzunluğunda əlavə xətt çəkilib, kənddəki subartezian quyusuna birləşməsi üçün elektrik xətti də təmin edilib.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyatı şəxslərlə birlikdə Alpout kəndində olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onlara göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini, edilən müraciətlərə həssaslıqla yanaşılacağını bildirib. Görülmüş işlərin təməlində ölkə başçısının vətəndaşlara olan qayğısının dayandığını qeyd edib.

Kənd ağsaqqalı Əhəd Vəliyev və başqaları çıxış edərək onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına, bu gün müsbət həllini tapmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


GOYEZEN.AZ


Geri qayıt