Əsas Səhifə > Manşet / Şəhidlər > “Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Mayis Yaqubovun doğulduğu kənddə adını əbədiləşdirəcək bulaq inşa ediləcək
“Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Mayis Yaqubovun doğulduğu kənddə adını əbədiləşdirəcək bulaq inşa ediləcək11-08-2021, 21:23 |
2020-ci ilin 27 sentyabr tarixi! Azərbaycan xalqının yaddaşına Qələbənin, Zəfərin başlanğıc tarixi kimi yazılan gün! Bu, o tarixdir ki, həmin gün başlayan haqq savaşımız bizi sonunda böyük Qələbəyə apardı. 30 illik yurd həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri şücaətlə sübut etdilər ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”. İllər ötsə də 44 gün davam edən Vətən müharibəsində bizlərə hər gün Qələbə sevinci bəxş edən oğullarımız hər zaman yad ediləcəklər. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur. Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən Vətən müharibəsinin qəhrəmanlarından biri də "Əjdaha” ləqəbli kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur. Bütün şəhidlərimiz kimi igid Vətən oğlu Mayis Yaqubovun da adı əbədiləşdiriləcək. Şəhidimizin doğulub boya-başa çatdığı kənddə adını əbədiləşdirən bulaq inşa olunacaq. Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin adını daşıyacaq bulaq şəhidimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin doğulduğu Daş Salahlı kəndinə gələrək igid Vətən oğlunun adına tikiləcək bulağın yerinə baxış keçirib. "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov, birliyin üzvü Həsrət Pirməmmədov, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və ailə üzvləri ilə birlikdə bulaq üçün ayrılan yerlə tanış olub, görülməsi nəzərdə tutulan işlər müzakirə edilib. Mayis Yaqubov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını söyləyən icra başçısı Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Mayisin xatirəsinin daim əziz tutulacağını bildirib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Mayis kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Mayisin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər kəsin qürur duyduğunu vurğulayıb. Şəhidimizin adını daşıyacaq bulağın suyundan içən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onun haqqında məlumat əldə edəcəyini bildirib. Tikiləcək bulağın Mayisin xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qeyd edib. Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün nümunə olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyib.
"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Mayis kimi qəhrəman oğullarımızı yad etməyin hər kəsin borcu olduğunu bildirib. Qazaxda şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıdan ürək dolusu söz açan İ.Pirməmmədov bu qayğını yüksək qiymətləndirib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə olan qayğılarının Qazaxda olduğu kimi hiss olunmasını ziyalılar adından yüksək dəyərləndirib və buna görə rayon rəhbərliyinə minnətdarlıq edib. Şəhid atası Rəhim Yaqubov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsini əbədiləşdirəcək bulağın inşa olunmasını Mayisin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu Mayis və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Leytenant Yaqubov Mayis Rəhim oğlu
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sinfini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. O, təhsildə olduğu kimi, xidmətdə də hər zaman fərqlənmiş, nümunəvi kəşfiyyatçımız 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. "N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi ilə çağırdığı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ Geri qayıt |