Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidinin doğum günündə adını daşıyan bulağın açılışı olub

Qazaxda Vətən müharibəsi şəhidinin doğum günündə adını daşıyan bulağın açılışı olub


8-08-2021, 16:35


27 sentyabr və 10 noyabr! Bu rəqəmlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olan uğurlu rəqəmlərdir. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı günlərdir. 27 sentyabr Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyuldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri 44 gündə hərb tariximizin ən şanlı səhifələrini yazdılar. Azərbaycan Ordusunun əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığı müqəddəs müharibənin böyük tarixi Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsi kimi yaddaşlara həkk olundu.

2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq. Bu günümüzün hazırkı həqiqəti, reallığı isə budur ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin iradəsini, əqidəsini, mətinliyini, ordumuzun gücünü, qüdrətini, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Vətən uğrunda canından keçərək Şəhidlik zivəsinə ucalan və daim qəlbimizdə yaşayan igid oğullarımızdan biri də şəhid çavuş Nəsibov Elməddin Yusif oğludur.

Bu gün yaşasaydı 38 yaşı tamam olacaqdı igid Vətən oğlunun. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin doğum gününü bu gün ailəsi ilə birlikdə yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Şəhidimizin doğum günündə adını daşıyan bulağın açılışına toplaşaraq igid Vətən oğluna olan ehtiramlarını bildiriblər.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, onların əziz xatirələrini ehtiramla anır.

Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Elməddin Nəsibovun da cənnətdəki ilk doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib. Şəhidimizin doğulub boya-başa çatdığı kənddə xatirəsini əbədiləşdirən bulağın açılışında iştirak edərək ona olan ehtiramını bildirib.

Rayon rəhbəri əvvəlcə Qazax Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva,  şəhidimizin vaxtilə təhsil aldığı Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini Aygün Abdullayeva, ailə üzvləri, yaxınları, doğmaları ilə birlikdə şəhidimizin dəfn olunduğu Ağköynək kənd qəbiristanlığında məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb. 






İgid Vətən oğlunun ruhuna dua oxunduqdan sonra şəhidimizin adını daşıyan bulağın açılışı olub. Rayon rəhbəri və qonaqlar bulağın qarşısına toplaşaraq torpaq uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Bulaq-abidə kompleksinin üzərindəki ağ örtük qaldırılaraq şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilib. Şəhidlərimizə həsr olunmuş şeirlər səslənib.





 

Rayon rəhbəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışaraq həmin zəfərdə payı olan Elməddin kimi qəhrəman oğullarımızla bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Torpaqlarımızın işğaldan azad olunması ilə şəhidlərimizin qisasının alındığını vurğulayıb. Şəhidlik zirvəsinə ucalan Elməddin tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını söyləyib.

"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər birimiz üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib.

Rayon rəhbəri şəhidin adına tikilmiş bulaq-abidə kompleksinin inşa olunaraq sakinlərin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən hər bir kəs şəhidin ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumatlanmış olur.

Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva millət vəkilinin səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.


Şəhidimizə vaxtilə dərs demiş Ağköynək kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini Aygün Abdullayeva məktəb kollektivi olaraq şəhid Elməddinlə qürur duyduqlarını bildirib. Elməddinin qəhrəmanlığını, eləcə də rayonumuzun bütün şəhidləri haqqında olan məlumatları, onların döyüş meydanında göstərdikləri şücaəti gələcək nəsillərə çatdırmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.

Şəhidimizin qardaşı Şirzad Nəsibov, bacısı Hava Nəsibova, xalaları Ziyafət Musayeva, Leylan Həsənova, əmisi oğlu Cəlal Nəsibov şəhid ailəsi kimi hər zaman Elməddinin ailəsinə göstərilən diqqət və qayğıya görə razılqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhidimizin doğum günündə xatirəsinin yad olunmasını Elməddinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər. Elməddin Nəsibov və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr etdiklərini söyləyiblər.



 

Çavuş Nəsibov Elməddin Yusif oğlu


Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayında isə tərxis olunmuşdur.

12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək "N” saylı hərbi hissədə "Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. "N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb.


Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”  25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş əyirik.






 

GOYEZEN.AZ


Geri qayıt