Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda bir qrup Vətən müharibəsi şəhidinin və iştirakçısının təltif olunduqları “Füzulinin azad olunmasına görə” medalı ailə üzvlərinə təqdim edilib

Qazaxda bir qrup Vətən müharibəsi şəhidinin və iştirakçısının təltif olunduqları “Füzulinin azad olunmasına görə” medalı ailə üzvlərinə təqdim edilib


28-07-2021, 18:15


Yola saldığımız 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsi kimi əbədi olaraq yaddaşımıza həkk olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tarixi torpaqlarımızı düşmən işğalından azad etdi, ərazi bütövlüyümüz bərpa edildi. Bu gün hər bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə borclu və minnətdardır.

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid və qazilərimiz, müharibə iştirakçıları cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə orden və medallarla təltif edildilər.

Respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonu da Vətən müharibəsində xeyli sayda şəhid verdi, neçə-neçə oğulları torpaq uğrunda sağlamlığını itirdi. Vətən müharibəsində şəhid olmuş 50 nəfər hərbi qulluqçudan 49 nəfəri 4 orden və 172 medalla, 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 2 orden və 585 medalla, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu isə 1 ordenlə təltif olundu.

İyulun 28-də Qazaxda bir qrup Vətən müharibəsi şəhidinin və iştirakçısının təltif olunduqları "Füzulinin azad olunmasına görə” medalı onların ailə üzvlərinə, övladlarına və özlərinə təqdim olunub.


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsində keçirilən təqdimetmə mərasimində əvvəlcə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov tədbiri giriş sözü ilə açaraq şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb. T.Məmmədov xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıb. 2020-ci ilin xalqımız üçün yaddaqalan bir il olduğunu, həmin ildə hərb tariximizə şanlı Qələbənin yazıldığını qeyd edib. 27 sentyabrda başlayan Vətən müharibəsində respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da minlərlə gəncin könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarına yazıldığını bildirib. Hər zaman mərdliyi, igidliyi, qəhrəmanlığı ilə seçilən igid Qazax oğullarının 44 günlük Vətən müharibəsində döyüş meydanında əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini dilə gətirib.

 

T.Məmmədov 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını bildirib.

 

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov şəhidlərimizə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim yad olunacağını bildirib. S.Çobanov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Bu gün hər bir şəhid ailəsinin, qazinin hər cür qayğı ilə əhatə olunduqlarını bildirib. S.Çobanov təqdim edilən hər bir orden və medalın arxasında neçə-neçə şəhidlərimizin, qazilərimizin dayandığını qeyd edib. S.Çobanov Qazaxda şəhid ailələrinə, qazilərimizə hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü bildirib. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşdığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsi istiqamətində görülmüş işləri, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşənin yaradılmasını şəhidlərimizə olan hörmət və etiramın əyani göstəricisi kimi qeyd edib.


Şəhidlərin adlarına yeni bulaq komplekslərinin inşa olunaraq rayon sakinlərinin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabının, Qazax Tarix-Diyarşünaslıq Muzeyində şəhidlərimizin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan ilk addımlardan biri kimi söyləyib. Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin də lövhələrinin vurulacağını diqqətə çatdırıb.

Şəhidlərimizin ailə üzvləri, qazilərimiz çıxış edərək 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü söyləyiblər. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Sonda şəhidlərimizin və müharibə iştirakçılarının təltif olunduqları "Füzulinin azad olunmasına görə” medalı ailə üzvlərinə təqdim edilib. 






























































 

GOYEZEN.AZ


Geri qayıt