Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən
torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə,
əsgərlərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən
qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralılarımıza göstərdiyi
qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən
hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın ailələrini
daim diqqətdə saxlayır.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan
oğullarımızdan biri də Vətən
müharibəsi iştirakçısı, Çaylı kənd sakini, yaralı
əsgər Kosayev Novruz Cavanşir oğludur.
Xocavəndin azadlığı uğrunda
gedən döyüşlərdə sol diz nahiyəsindən qəlpə yarası almış Novruz Kosayev kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin 18 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü”, 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə”
medalları ilə təltif
olunmuş Novruz Kosayevin ailəsində xoş gündür. İgid
Vətən oğlu ailə həyatı qurur.
Rəhbər
təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaralımızın xoş günündə
də onun yanında olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi, kapitan Samir Çobanovla, Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqının Qazax Rayon Komitəsinin sədri Yasin Əkbərovla birlikdə N.Kosayevin toy mərasimində
iştirak edərək ona səmimi ürək sözlərini
çatdırıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Novruz
Kosayevi ailə qurması münasibətilə təbrik edən icra başçısı ona yenicə qədəm qoyduqları
həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. Səmimi ürək sözlərini və
arzularını çatdıran rayon rəhbəri gənclərin valideynlərinə bir daha
gözaydınlığı verib.
Yaralımızın atası Cavanşir Kosayev şəhid ailələrinə,
qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının
xoş günündə onların yanında olan rayon rəhbərliyinə təşəkkür edib. Dövlətin
qayğısını hər zaman hiss etdiklərini qeyd edərək bugünkü gündə onların yanında
olmalarını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.
GOYEZEN.AZ
Geri qayıt
|