Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin doğum günü ailəsi ilə birlikdə qeyd olunub

Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin doğum günü ailəsi ilə birlikdə qeyd olunub


21-07-2021, 15:52

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------                                                                       

Rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı, Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoydu. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur, igid Vətən övladları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Vəliyev Anar Həmzə oğludur. Əsgər Anar Vəliyev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardılar.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək də hər kəsin vətəndaşlıq borcudur.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyan şəhid əsgərimizin bu gün yaşasaydı 19 yaşı tamam olacaqdı. Bütün şəhidlərimiz kimi, bu gün 19 yaşını qeyd etdiyimiz əsgər Anar Vəliyevin də doğum günü unudulmayıb.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizi və onların ailələrini daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərliyinin şəhidlərimizə olan sonsuz ehtiramının bariz nümunəsidir ki, fəaliyyətə başladığı ilk gündən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir.İlk gündən ənənə halını alan ziyarətlər bu gün də davam etdirilir.

Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin doğum günündə ailə üzvləri və yaxınları ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.




 

Şəhidimizin ruhuna dua oxunduqdan sonra Anar Vəliyevin ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq Anar kimi cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Anarın xatirəsinin daim əziz tutulacağını bildiriblər.





Rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdıran müavin Gulaya Həsənova Anar kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını söyləyib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə Anar kimi qəhrəman oğullarımızın payının olduğunu, belə igidlərimizi yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi, qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.


Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhid əsgərimizlə və onun kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Bir qazi olaraq şəhidlərimizin, yaralı qazilərimizin ailələrinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışan S.Çobanov bunun bariz nümunəsi olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsinə yazılmış "Qanları ilə dastan yazanlar” kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən 338 nəfər qazaxlı şəhidin xatirəsini əbədiləşdirən guşənin yaradılmasını nümunə göstərib. Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər kəs üçün örnək olduğunu bildirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.


Şəhidimizin anası Fazilə Məmmədova öz ailəsinin, el-obasının adını uca edən qəhrəman övladı ilə fəxr etdiyini söyləyir. Fazilə ana qeyd edir ki:

- Anar hələ hərbi xidmətə getməzdən əvvəl söyləmişdi şəhid olacağını. Tək mənə deyil, qohumlarına, dostlarına da söyləmişdi bu haqda. Anarın şəhid olacağını mən də yuxuda görmüşdüm. Axı, ana ürəyi həssas olur... Axrıncı dəfə övladımla şəhid olmamışdan 3 gün əvvəl, oktaybrın 8-də danışmışdıq. Məndən tək istəyi onu tanıyanlara salam söyləmək oldu. Anarım ömrünün gözəl çağında uca məqama yüksəldi. Övlad acısı nə qədər acı olsa da, bir o qədər də qürurludur. Bu gün Anarımla tək mən deyil, bütün el-oba fəxr edir.

F.Məmmədova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirir. Övladının doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edir. Oğlunun xatirəsinin əziz tutulmasını, daim yad olunmasını Anarın timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirir.

Əsgər Vəliyev Anar Həmzə oğlu


Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.

Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub.

Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.


Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Allah Vətən uğrunda həlak olanların ruhunu şad, yerini behiştlik etsin. Gələcək nəsillər canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda fəda edənləri heç vaxt unutmayacaq. Anar kimi igid, vətənpərvər oğullarımız daim bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.



GOYEZEN.AZ


Geri qayıt