Hörmətli həmvətənlər!
Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün
soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan
müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən
səmimi arzu və diləklərimi yetirirəm.
İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən
Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür
fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini
yaşayırlar.
Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən
İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni
inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və
mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam
dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya
mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş
etmişdir.
Əziz bacı və qardaşlarım!
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram
günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını
heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və
qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün
edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə
ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə
milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət
və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması
diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq,
süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyul 2021-ci il
Geri qayıt
|