Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi çavuş Kamil Kərimovun doğum günü ailəsi ilə birlikdə qeyd olunub

Qazaxda Vətən müharibəsi şəhidi çavuş Kamil Kərimovun doğum günü ailəsi ilə birlikdə qeyd olunub


2-07-2021, 18:11
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətənin, torpağın bütövlüyü naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızdan biri də çavuş Kərimov Kamil Ələddin oğludur.

Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalmış çavuşumuzun bu gün yaşasaydı 26 yaşı tamam olacaqdı.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda da hər zaman örnək götürülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə qayğısını əsirgəmir. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir.İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 26 yaşını qeyd etdiyimiz çavuş Kamil Kərimovun da doğum günü unudulmayıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatındaVətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidimizin ruhuna dua oxunduqdan sonra Kamil Kərimovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Kamil kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Kamilin xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Müavin Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan Kamil kimi qəhrəman oğullarımızı yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi, qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin borcu olduğunu qeyd edib. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.


Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhid çavuşumuz haqqında ürək sözlərini bölüşərək Vətən torpaqlarının azadlığını hər şeydən üstün tutan Kamil kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini dilə gətirib. Bir qazi olaraq şəhidlərimizin, yaralı qazilərimizin ailələrinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açan S.Çobanov bunun bariz nümunəsi olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsinə yazılmış "Qanları ilə dastan yazanlar” kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən 338 nəfər qazaxlı şəhidin xatirəsini əbədiləşdirən guşənin yaradılmasını nümunə göstərib. Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.


Övladı haqqında ürək sözlərini bölüşən şəhidimizin anası Həbibə Kərimova Kamilin hər zaman torpaq, yurd, Vətən sevdalı olduğunu qeyd edib. "Kamilin ən böyük arzusu hərbçi olmaq idi. Vətən müharibəsi başlamamışdı Kamil öz arzusunun arxasınca gedəndə. Döyüşlər başlayanda isə Kamil sanki qol-qanad açıb uçurdu. Çünki illərdi arzusunda olduğu an gəlib çatmışdı, düşmən tapdağında olan torpaqlarımız uğrunda vuruşacaqdı. Kamil döyüşdü, canını döyüş meydanında Vətənə qurban verdi.  Kamil bu gün təkcə öz el-obasının deyil, bütöv Azərbaycanın oğlu, şəhidi oldu. Bu gün mən də bir ana kimi həm Kamilimlə, həm də bütün şəhidlərimizlə fəxr edirəm”. Dövlətin, ölkə başçısının, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin hər zaman qayğısını hiss etdiklərini bildirən şəhid anası göstərilən qayğıya görə minnətdarlıq edib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Kamilin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.

Çavuş Kərimov Kamil Ələddin oğlu


Şəhid çavuş Kərimov Kamil Ələddin oğlu 2 iyul 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı bitirmişdir. 2017-cı ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində kəşfiyyat bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi.


İkinci Qarabağ müharibəsi başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Sentyabrın 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Snayper silahından atılan güllə ilə düz ürəyindən vurulan Kamil Kərimov döyüş meydanında qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 17 dekabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan çavuş Kamil Kərimovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Vətən uğrunda”"Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.




GOYEZEN.AZ


Geri qayıt