Cənab Prezident
İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət
proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin
yenidən qurulması layihəsinin icrası uğurla yekunlaşmaq üzrədir.
Ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən icra edilən layihə Qazax
şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşmasına hesablanıb. Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk
mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə
düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında deyildi. Bunlar nəzərə
alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə
maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastruktur
yaradılır. Belə ki, Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə
təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb, 8,6
kilometr quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun
anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Su mənbəyindən Qazax
şəhərinə 9 kilometr magistral su kəmərinin tikintisi başa çatdırılıb. Şəhəri
dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarının inşası
yekunlaşmaq üzrədir. Şəhərdə yaranan
tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı
sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə
işlərin böyük hissəsi yerinə yetirilib.
Bu gün tam
əminliklə deyə bilərik ki, su və kanalizasiya sistemlərinin çəkilməsinə
başlanılan ilk gündən rayon rəhbərliyi tərəfindən bu sahə daim diqqət
mərkəzində saxlanılır. Rayon rəhbərinin müvafiq Sərəncamı ilə su və
kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin
layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və
təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət Komissiyanın
yaradılması, ilk gündən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq
görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan ərazilərə yerində
baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bu dediklərimizin bariz
nümunəsidir.
İyunun 18-də Qazax Rayon İcra Hakimiyyətində icra başçısı
Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti
üzrə baş direktorunun müavini Anar Məmmədovun, 8 saylı Tovuz Regional SuKanal
İdarəsinin rəisi Darvin Hüseynovun, Qazax şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazovun,
layihə rəhbərinin köməkçisi Azər Salmanovun, layihə üzrə sahə rəisi Toğrul Nərimanovun,Qazax
şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması və yol
tikintisi layihələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şamil
Allahverdiyevin, 8 nömrəli Regional
Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovun, RİH başçısının
şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin, Mənzil İstismar
Sahəsinin rəisi Mahmud Mirzəyevin iştirakı
ilə şəhərin
içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasının
mövcud vəziyyəti növbəti dəfə müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov həmişə olduğu kimi, bugünkü iclasın da əsas məqsədinin
su və kanalizasiya sistemlərinin çəkilişi ilə bağlı görülmüş işlərin mövcud vəziyyəti
ilə tanış olmaq, müzakirə etmək və işlərin keyfiyyəti ilə maraqlanmaq olduğunu bildirib. İcra
başçısı çəkiliş yekunlaşan bütün ərazilərdə istər su sayğaclarının, istərsə də
evlərə verilmiş su birləşmələrinin mövcud vəziyyətinin öyrənilməsini, test
aparılmasını, görülməsi nəzərdə tutulan digər işlərin geniş şəkildə təhlil
olunmasını qeyd edib və aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.Rayon rəhbəri görülən bütün
işlərin günün tələbləri səviyyəsində qurulmasını, texniki göstəricilərə cavab
verən səviyyədə aparılmasını vurğulayaraq bu işlərin kökündə vətəndaş amilinin,
onların məmnunluğunun, əhalinin 24 saat dayanıqlı su ilə təminatının
dayandığını bildirib.
GOYEZEN.AZ
Geri qayıt
|