15 iyun tarixi Azərbaycan
xalqının tarixində xüsusi bir önəm daşıyırdı və bu ildən sonra bu tarixin özəlliyi
xalqımız üçün daha da əhəmiyyətli olacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan
lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Təbii ki, Azərbaycan
hökuməti bu jesti ancaq öz qardaşına edə bilərdi. Bu hadisə müasir Azərbaycan
tarixinin ən unudulmaz səhifələrindən biri olacaq. İki dost, iki qardaş xalqın
liderləri düşmən əsarətindən azad olunmuş Qarabağın göz bəbəyi Şuşamızda
görüşdülər. Möhtəşəm və rəngarəng təşkil olunmuş bu görüşün kuliminasiya nöqtəsi
Şuşa Bəyannaməsinin imzalanması oldu.
Şuşa Bəyannaməsi
Azərbaycanın müasir tarixində xarici siyasətində əldə etdiyi ən böyük
uğurlarından biridir. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü
- 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin
100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının
və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda
ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə
olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın
xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə
lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına
Qars müqaviləsini saldı. 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar,
indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi
Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi
Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa
qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində
xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.
15 iyun 2021-ci il
tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini
rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi
sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin
ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid
və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir:
"Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya
təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz
edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya
təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə
müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri
yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən
müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə
ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə
strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bu müddəanın Bəyannamədə
qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı
qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır. Şuşa Bəyannaməsi
ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə
təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer
alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət
bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını
reallaşdıran faktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər
və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid
etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
Müqavilədə digər
vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və
Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin
adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Sənəddə
xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə
Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması
və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya
əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Unutmayaq ki, bir
müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi
ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi
ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına
şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin
formal xüsusiyyət daşıdığının göstəricisidir.
Azərbaycan və
Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini
dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin
düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri
arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə
region üçün yeni tarixi gerçəklik deməkdir.
Ülviyyə BAYRAMOVA,
Bakı Dövlət Universitetinin
Qazax filialının baş müəllimi
Geri qayıt
|