Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi gizir Elvin Orucovun qız övladının 1 yaşı ailəsi ilə birlikdə qeyd olunub

Qazaxda Vətən müharibəsi şəhidi gizir Elvin Orucovun qız övladının 1 yaşı ailəsi ilə birlikdə qeyd olunub


14-06-2021, 19:11


Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 2020-ci ilin27 sentyabrından başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki,Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq dövlətimizin və şanlı Ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdik. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük Vətən müharibəsində hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdarıq. 

Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına vuruşan və şəhid olan igid oğullarımızdan biri də gizir Orucov Elvin Rövşən oğludur.

Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn, ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən, İkinci Qarabağ müharibəsində Qazaxın ilk şəhidi olan Elvin Orucovun bu gün qız övladı Elay Orucovanın 1 yaşı tamam olur.


Şəhidimizin ailəsini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov övladının doğum günündə təbrik etməyi də unutmadı. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutan rayon rəhbəri Vətən müharibəsi şəhidi Elvin Orucovun övladının doğum günündə ailəsinin yanında oldu.

Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin övladının doğum gününü ailəsi ilə birlikdə qeyd ediblər. Şəhidimizin övladına rayon rəhbərinin səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Qələbədə payı olan Elvin Orucov kimi oğullarımızla hər birimizin fəxr etdiyini bildiriblər. Bu gün hər bir şəhidimizlə qürur duyduqlarını, onların Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlarını qeyd ediblər. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Şəhidlərimizin övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu dilə gətiriblər.

 

Şəhidimizin anası Səidə Orucova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Şəhidimizin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Elvinin timsalında bütün şəhid ailələrinə olan qayğının bariz nümunəsi kimi dəyərləndirib.




 

Gizir Orucov Elvin Rövşən oğlu


Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin 1-ci sinfinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM)oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixindən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır. Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013)"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medallarıilə təltif olunub.

Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur. 

Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. İki azyaşlı - Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş əyirik.


 

GOYEZEN.AZ


Geri qayıt