Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi çavuş Pərvin İsgəndərovun övladının 3 yaşı ailəsi ilə birlikdə qeyd olunub
Qazaxda Vətən müharibəsi şəhidi çavuş Pərvin İsgəndərovun övladının 3 yaşı ailəsi ilə birlikdə qeyd olunub5-06-2021, 18:09 |
Uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi. Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan, şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullardan biri də ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan çavuş İsgəndərov Pərvin Pərviz oğludur. Bu gün igid Vətən oğlunun övladı Pərvin İsgəndərlinin 3 yaşı tamam olur. Dövlətimiz Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün şəhidlərimizin, o cümlədən də Vətən müharibəsinin şəhidlərini, onların ailə üzvlərini daim diqqətdə saxlayır. Vətən müharibəsi şəhidi Pərvin İsgəndərovun da övladının doğum günü unudulmayıb. Bu gün 3 yaşını qeyd edən Pərviz balamızı tək qoymayan rayon rəhbəri öz ənənəsinə sadiq qalaraq şəhid övladının ad gününü təbrik edib. Rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, RİH başçısının Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayət Çobanov Xanlıqlar kəndində şəhidimizin evində olub, övladının doğum gününü ailəsi ilə birlikdə qeyd ediblər. Şəhidimizin tək övladı olan Pərviz balamıza hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Qələbədə payı olan Pərvin İsgəndərov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd edib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidimizin övladını təbrik edərək onun hər birimizin övladı olduğunu bildirib. Bu gün Pərvinlə təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu söyləyib. Pərvin tək qəhrəman oğullarımızın ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu qeyd edib.
Şəhidimizin həyat yoldaşı Fidan İsgəndərova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Şəhidimizin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Pərvinin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi dəyərləndirib. Bu gün oğlunun ad gününü təbrik etməsini şəhid ailələrinə və ömür-gün yoldaşı Pərvinin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib. Çavuş İsgəndərov Pərvin Pərviz oğlu
Şəhid Pərvin İsgəndərov 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ildə isə tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. "N” saylı hərbi hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş Pərvin İsgəndərov 15.10.2020-ci ildə Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında atası şəhid İsgəndərov Pərviz Hacıməmməd oğlunun yanında dəfn edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğlu yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən Pərvin İsgəndərov kimi igid Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.
GOYEZEN.AZ Geri qayıt |