Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsinin şəhidi gizir Amid Məmmədovun xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olub

Qazaxda Vətən müharibəsinin şəhidi gizir Amid Məmmədovun xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olub


4-06-2021, 14:17

Bu gün fəxrlə söyləyə bilərik ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaddaşlara yazıldı. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, Azərbaycan güclü dövlətdir və rəşadətli ordusu var.

İllər ötsə belə 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımız hər zaman yad ediləcək. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur.

İyunun 4-də 44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda” "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini şəhid gizir Məmmədov Amid Müqabil oğlunun xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olub.

Şəhidimizin dəfn olunduğu qəbiristanlığın girişində tikilmiş bulaq-abidə kompleksinin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının üzvləri, bir qrup kənd sakini, şəhidin döyüş yoldaşları, ailə üzvləri, doğmaları, yaxınları iştirak ediblər.

Əvvəlcə igid Vətən oğlunun məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq-abidə kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb.







Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Amid Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Amidin xatirəsinin daim əziz tutulacağını bildirib. İcra başçısı 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Amidin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Şəhidimizin ailəsi bizim hər birimizin ailəsi, ailə üzvü, doğmasıdır. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim” - deyən icra başçısı şəhidimizin hər zaman hörmət və ehtiramla anılacağını bir daha dilə gətirib.


Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.

Rayon rəhbəri şəhidin adına tikilmiş bulaq-abidə kompleksinin inşa olunaraq sakinlərin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən hər bir kəs şəhidin ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumatlanmış olur.

 

Şəhidimizə vaxtilə dərs demiş Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova çıxış edərək igid Vətən oğlunun məktəb illərindən, Vətənə, doğma el-obasına necə bağlı olmasından danışıb, şəhidimizin, ailə üzvlərinin qarşısında baş əydiyini qeyd edib. X.Hüseynxanova qəhrəman oğullarımızın rəşadəti sayəsində şəhidlərimizin qanı ilə yoğrulan azad torpaqlarda, Vətəndə yaşadığımızı diqqətə çatdırıb. "Amid çox vətənpərvər idi. Vətənə qarşı sevgisi həddindən artıq çox idi. Amidin Vətənə olan sevgisi bu gün onu ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəltdi. Amid hərbçi atasının yolunu davam etdirdi. Döyüş meydanında tarix yazaraq atasının və el-obasının adını ucaltdı”, - deyən Xatın müəllimə şagirdi, eyni zamanda bu gün Vətənin oğlu olan Amidlə, Azərbaycan xalqının hər bir üzvünü Qarabağlı edən bütün şəhidlərimizlə qürur duyduğunu, fəxr etdiyini qeyd edib. Bu gün hər birimizin şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb.

 

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev rayonda görülmüş işlərə, xüsusilə də şəhid ailələrinə göstərdiyi diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün qazaxlılar adından sonsuz minnətdarlığını bildirib. Şəhidin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışan X.Balayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi qələbədə Amid Məmmədovun da böyük payı olduğunu qeyd edib.


Şəhid atası Müqabil Məmmədov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. "Oğlum Amid hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir. Bu gün qarşısında dayandığımız bu bulağı tikməkdə məqsəd Amid və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürməkdir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara ailəsi adından təşəkkürünü çatdırıb.

Şəhidimizin anası Esmira Məmmədova da hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun xatirəsini əbədiləşdirən bulağın açılışında onların yanında olan, hər zaman dərdlərinə şərik çıxan insanlara razılığını ifadə edib.



Şəhid gizir Məmmədov Amid Müqabil oğlu


Şəhid Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır.Çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra 2012-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik məktəbini oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. "N” saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi omuşdur.

Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə " Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur.

Amid Məmmədov Vətən müharibəsindən öncə görmüşdü müharibəni, onun od-alovunun içərisindən keçmişdi düz 5 il bundan əvvəl. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda gedən vuruşmada fəal iştirak etmiş, sol qolundan yaralanmışdı. Onu da qeyd edək ki, döyüşdə yaralanmasını ailəsinə bildirməmiş, sağalandan sonra hərbi xidmətini davam etdirmişdir.

 

Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Amid Məmmədov əsl igidlik göstərmiş, qəhrəmanlıqla dolu bir döyüş yolu keçmişdir. Vətən müharibəsi başlayan ilk gündən döyüşə atılmış, bu zaman idarə etdiyi Piyadaların Döyüş Maşını (PDM) Füzuli istiqamətində minaya düşmüşdür. Amid Məmmədov yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməmiş, yeni texnika ilə təmin olunaraq döyüşü axıra qədər davam etdirmişdir.

Amid Məmmədovun bir özəlliyi də ondadır ki, Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı dediyi "Erməniləri iti qovan kimi qovacağıq" ifadəsinə uyğun olaraq idarə etdiyi PDM-ə "İti qovan kimi" sözlərini yazaraq döyüşə girmişdir.

Amid Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız övladı yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Bu gün Amid Məmmədov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Amid Məmmədovun timsalında bütün şəhidlərimizi bir daha ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Qazaxımızın igid oğlu!.


 

GOYEZEN.AZ


Geri qayıt