Əsas Səhifə > Manşet / Təhsil > Dünyanın ən xoşbəxt uşaqları
Dünyanın ən xoşbəxt uşaqları1-06-2017, 16:10 |
Bu gün dünyanın 189 dövləti – Uşaqları Beynəlxalq Müdafiəsi Gününü qeyd edir. Uşaqlara irqindən, rəngindən, mənşəyindən, maddi durumundan asılı olmayaraq bərabərlik və şəxsi rəyə hörmət hüququ verilir. Dünyada və respublikamızda olduğu kimi Qazaxda da 1 iyun - Uşaqları Beynəlxalq Müdafiəsi Günü qeyd edilib. Bütün bağçalarda al-əlvan geyimli, şirin, şən, şıltaq, təbəssümü ilə ətrafa işıq saçan, gül nəfəsli körpələrin ətri yayılmışdı hər yana. Hər kəsin, xüsusilə uşaqların üzündə saf təbəssüm, fərqli bir duyğu var idi bu gün. Kiçik körpə ürəklərindəki sevincləri üzlərində əks olunmuşdu. Sanki onlar uşaq olduğu üçün sevinir və hər kəsdən bu sözləri eşitmək istəyirdilər: “Bayramınız mübarək”. Bu gün uşaqların sevincinin həddi-hüdudu yox idi. Hər şeydən, bütün qayğılardan azad olan uşaqların 365 gündən onlar üçün ayrılan bir günü - 1 iyun gününü qeyd edirdilər. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva bu günü uşaqlar arasında keçirmək üçün sübh tezdən rayonda fəaliyyət göstərən 1 və 5 saylı körpələr evi-uşaq bağçalarına baş çəkiblər. Uşaqlar Rəcəb Babaşovu ən yaxın adamları kimi qarşılayıb. Çünki Rəcəb Babaşov ilk dəfə deyil ki, uşaqlarla görüşürdü. Təyin olunduğu ilk gündən xalq arasında olan R.Babaşov uşaqlara daim diqqət və qayğı ilə yanaşır, bu sahənin inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Bunun nəticəsidir ki, bu gün Qazaxda körpələr evi-uşaq bağçaları günün tələbləri səviyyəsində fəaliyyət göstərir. Görüşlərdə iştirak edən R.Babaşov çıxış edərək 1 iyun - Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları təbrik edib, onlara ən səmimi arzularını bildirib. Qeyd edib ki, “Uşaqlar bizim gələcəyimizdir” - deyən ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib uşaqların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanının ən xoşbəxt uşaqlarıdır. Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz çıxışında əlamətdar gün münasibətilə bütün körpələri təbrik edərək onlara xoşbəxt həyat, uğurlu gələcək arzulayıb. Qeyd edib ki, mən bu gün sizin aranızda özümü çox xoşbəxt hiss edirəm. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Ona görə də bu gün azərbaycanlı uşaqlar çox xoşbəxt və firavan yaşayır, Vətənə, dövlətə, xalqa layiq vətəndaş kimi yetişirlər. Bayram tədbirlərində valideynlər, baba və nənələr, müəllimlər, tərbiyəçilər söz alaraq Qazaxda böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradılıb. Mübaliğəsiz olaraq deyə bilərik ki, paytaxtdakı bağçalarla Qazaxdakı bağçalar arasında heç bir fərq yoxdur. Son 1 ildə bağçalarda yaradılan şəffaflıq bu uşaq müəssisələrinin gündəlik fəaliyyətinə müsbət təsirini göstərib, bağçalar sözün əsl mənasında uşaqların təlim-tərbiyə müəssisəsinə çevrilibdir. Sonra uşaqlar söz alıblar. Körpə fidanlar Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Onların çıxışları alqışlarla qarşılanıb. Sonda uşaqlara bayram süfrəsi açılıb. Tədbirlər xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Elçin İSMAYIL Geri qayıt |