Bu gün - mayın 9-da faşizm üzərində Qələbənin 76
ili tamam olur.
Faşizm üzərində
Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidmətləri olub.
1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas
qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və
arxa cəbhəni birləşdirib, faşizm üzərində Qələbəyə mühüm töhfə verib. Dünya
hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci
illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı döyüş
cəbhəsinə könüllü göndərilmək üçün ərizə verib.
Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak
olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu müharibənin
iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə
olunublar.
Faşizm üzərində
Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və
fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı
cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş
meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə
130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,
170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı,
402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu
keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad,
Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda
rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və
digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan
hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri
saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən
Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti
gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Azərbaycan
xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə
qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq
nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti
əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri
gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla
təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki,
1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70
faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın
payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı
aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz
töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından
sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
Bundan başqa,
xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və
isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində
Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Ümummilli Lider
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının
problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və
sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin
ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi
haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən
başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ümummilli Lider
müharibə veteranlarını "Xalqımızın qızıl fondu” adlandırırdı.
Ulu Öndərin bu
sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya
müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına
həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin
müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha
da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb.
Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci
illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya
müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla
təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin
arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun
və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə
görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad
şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi
yardım verilib. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına
hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca
prioritetlərindən biridir.
İkinci Dünya
müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində
göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan
soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından
76 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın
xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. İkinci Dünya müharibəsi xalqımızın
qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın
göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun
formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm
daşıyır.
Otuz il ərzində
Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış
Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və
növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün
davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər
Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi
Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib
xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik
və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da
zənginləşdirildi.
Sevindirici
haldır ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın mərd oğullarının da böyük payı olub. Hazırda Qazaxda həmin müharibədə iştirak
edən 1 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. İkinci Dünya
müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da yüksək əhval-ruhiyyədə qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman olduğu kimi, bu gün də əlamətdar gün
münasibətilə Böyük Vətən Müharibəsinin iştirakçısı – 100 yaşını qeyd edən Aşağı
Əskipara kənd sakini Hümbət Alıyevi diqqətdən kənarda qoymayıb.
Qazax Rayon
İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova Böyük Vətən Müharibəsinin iştirakçısı Hümbət Alıyevin
evində qonaq olub. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından Böyük Vətən Müharibəsinin
iştirakçısını salamlayıb, səmimi bayram təbriklərini çatdırıb. Rayon rəhbərinin
təyin olunduğu ilk gündən rayonda müharibə iştirakçılarına hər zaman yüksək
diqqət və qayğı göstərdiyini, onları daim diqqət mərkəzində saxladığını bildirib. G.Həsənova
İkinci Dünya müharibəsi veteranlarının xalqımızın fəxri olduqlarını qeyd edib. Onların
müharibə illərində göstərdiyi qəhrəmanlığın bu gün də böyük hörmətlə xatırlandığını,
həlak olan soydaşlarımızın xatirəsinin ehtiramla yad olunduğunu vurğulayıb. Böyük
Qələbənin qazanılmasından 76 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz
şücaət göstərmiş xalqımızın xidmətlərinin heç vaxt öz əhəmiyyətini itirmədiyini
söyləyib.
Böyük
Vətən Müharibəsinin iştirakçısı Hümbət Alıyev onu təbrikə gələn qonaqları
salamlayıb, ölkə Prezidentindən və rayon rəhbərliyindən razı qaldığını
bildirib. Qeyd edib ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları
axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz
bizi çox sevindirir. Böyük Vətən Müharibəsi iştirakçısı diqqət ayırıb
bayramını təbrikə gəldiyinə görə ailəsi adından başda ölkə Prezidenti olmaqla,
rayon rəhbərliyinə və gələn qonaqlara öz dərin minnətdarlığını bildirib. Hər
bayramda onu təbrikə gələn Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru
Gövhər Rəhimovaya səmimi ürək sözlərini çatdırıb.
Səmimi
və bayram əhval-ruhiyyəli görüşün sonunda xatirə şəkli çəkdirilib.
GOYEZEN.AZ
Geri qayıt
|