Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidlərinin ailələri övladlarının xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar
Qazaxda Vətən müharibəsi şəhidlərinin ailələri övladlarının xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar5-05-2021, 20:14 |
Azərbaycan xalqı bu gün də müzəffər ordumuzun qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Bu, o Qələbədir ki, hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun sentyabrın 27-də Qarabağda başladığı "Dəmir yumruq” əməliyyatı nəticəsində 44 günlük müharibədən sonra Azərbaycanın böyük tarixi Zəfərə imza atmasının şahidi oldu. Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin keçdikləri döyüş yolunun gələcək nəsillərə ötürülməsi, qəhrəmanlıqlarının nümunə göstərilməsi, ən əsası da adlarının əbədiləşdirilməsi istiqamətində təqdirəlayiq işlər görülür. Hər zaman ilkləri ilə seçilən Qazaxda nümunəvi addımların atılması davam edir. Öncə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qazaxın igid oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə onların həyatından, döyüş yolundan bəhs edən kitab yazıldı. "Göyəzən” qəzetinin baş redaktoru, "Tərəqqi" medalı ilə təltif olunmuş, jurnalist, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar” kitabı 27 sentyabrda başlayıb 10 noyabrda başa çatmış Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbəyə, bu şanlı Qələbənin əldə olunmasında öz canından keçmiş qazaxlı şəhidlərə olan ehtiramın bariz nümunəsi oldu. Şəhidlərimizin keçdikləri döyüş yolunun, Vətən, xalq, dövlət naminə göstərdikləri şücaətin gələcək nəsillərə çatdırılmasında Muzeylərin də böyük rolu vardır. Bunu nəzərə alan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən tarixi keçmişimizi özündə yaşadan Muzeydə şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə guşələrin yaradılması ilə əlaqədar da nümunəvi addım atıldı. Yenə də Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi, 44 günlük haqq savaşında, eləcə də 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı şəhid olmuş igid Vətən oğullarının xatirəsinə guşə yaradıldı. Muzeyin ikinci mərtəbəsində yaradılmış guşə nəfis tərtibatı ilə göz oxşamaqla yanaşı, igid, cəsur, qəhrəman oğullarımıza olan hörmət və ehtiramı da özündə əks etdirir. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş 338 nəfər qazaxlı şəhidin fotoşəkillərindən ibarət olan guşədə qəhrəman oğullarımızın xatirəsi dərin ehtiramla yad edilir. Yaradılan guşə şəhidlərimizin döyüş yolundan, qazandığımız tarixi Qələbədən, həmin şanlı Zəfərdə Qazaxın igid, mərd oğullarının da payının olmasından xəbər verir. Mayın 5-də Pandemiya qaydalarına uyğun olaraq şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Muzeydə yaradılan guşə ailələrə təqdim olunub. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin valideynləri, yaxınları, həyat yoldaşları, övladları növbəli şəkildə guşə ilə tanış olublar. Şəhid ailələri öncə Muzeyin birinci və ikinci mərtəbəsinə ekskursiya ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva, Teybə Hüseynova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovun, Muzeyin direktoru Gülnaz Alişanova və əməkdaşlarının iştirak etdiyi tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən 44 günlük Vətən müharibəsində qanları ilə dastan yazan igid oğullarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək şəhid ailələrini müqəddəs Ramazan bayramı münasibətilə rayon rəhbərliyinin adından təbrik edib, səmimi arzularını çatdırıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə hər zaman qayğı ilə yanaşdığını və həmin qayğını əməli işləri ilə göstərdiyini qeyd edib. Rayonda şəhidlərimizin xatirəsinin daim yad olunması, adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açan G.Quluyeva bu günə kimi həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhidlərimizin adlarının yaşadılması üçün Qazax Tarix-Diyarşünaslıq Muzeyində guşənin yaradılmasını Vətən uğrunda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə yüksələn oğullarımızın adlarının əbədiləşdirilməsi istiqamətində atılan növbəti addımlardan biri kimi qeyd edib. Şəhidlərimizin xatirəsinə yaradılmış guşənin gələcək nəsillərə əsl nümunə, örnək olduğunu bildirib. Təkcə nəfis tərtibatı ilə deyil, hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında məlumat verdiyini, guşə ilə tanış olan gələcək nəsillərin vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəyini qeyd edib. İllər ötsə belə bu guşə ilə şəhidlərimizin də yaşayacağını qeyd edib.
Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidlərimizi yaxından tanımaq, onların keçdikləri döyüş yolundan nümunə götürmək üçün yaradılan guşənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan S.Çobanov həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu qeyd edib. Şəhidlərimiz haqqında yazılan kitabın, yaradılan guşənin həmin qayğının əyani sübutu olduğunu söyləyib. Qanları ilə tarix yazan, ömür yolları, həyat hekayələri, keçdikləri döyüş yolları ilə dastana çevrilən oğullarımızı bir amalın birləşdirdiyini və o amalın Vətən sevgisi olduğunu vurğulayıb. Bütün işlərin kökündə dövlətin və ölkə başçısının şəhid ailələrinə göstərdikləri qayğının dayandığını qeyd edib. Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov millət vəkilinin adından şəhid ailələrini Ramazan bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Qazaxda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə qazaxlı gənclər adından minnətdarlığını bildirib. Bu gün hər bir gəncin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini dilə gətirib.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova şəhidlərimizə göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Muzeydə şəhidlərimizlə bağlı guşənin yaradılmasını şəhidlərimizə, onların ruhuna olan hörmət və ehtiramın daha bir bariz nümunəsi kimi qiymətləndirib. Muzeyə ekskursiya edən vətəndaşlara, xaricdən gələn qonaqlara şəhidlərimiz, onların döyüş yolu haqqında məlumat çatdırmağın, onlarla fəxr etməyin, qürur hissi keçirməyin hər bir işçinin üzərinə düşən ən böyük iş və vətəndaşlıq borcu olduğunu qeyd edib. "Oğlum Babək daşıdığı adı Şəhidlik zirvəsinə ucalaraq şərəflə yaşatdı. Bu gün fəxr edirəm ki, igid, qəhrəman Babək Həsənovun anasıyam. Qəhrəman oğlumun şəklini bu guşədə, şərəf lövhəsində görmək qürurvericidir”, - deyən Gülarə Həsənova övladı ilə hər zaman qürur duyacağını bildirib. Şəhid ailəsi kimi hər zaman dövlətin qayğısını hiss etdiyini və bu qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Şəhid gizir Amid Məmmədovun atası Müqabil Məmmədov da övladı ilə fəxr etdiyini bildirib. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan Amid kimi oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü vurğulayıb. Övladının, eləcə də Vətən yolunda canından keçən digər qazaxlı şəhidlərin xatirəsini əbədiləşdirən guşənin yaradılmasını, onların gələcək nəsillərə tanıdılması üçün görülmüş işləri həmin qayğının əyani sübutu olduğunu söyləyib. Bir şəhid ailəsi kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq edib. "Dərd bölüşəndə azalır”, - deyən şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev şəhid ailəsi kimi dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını bildirib. Övladı ilə, eləcə də bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. 44 günlük Vətən müharibəsindən söz açan şəhid atası Ali Baş Komandanın "Dəmir yumruğu”nun altında şanlı ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin düşmənə layiqli cavablarını verdiyini vurğulayıb. Yaradılan guşənin qarşısında dayanan zaman qürur hissi keçirdiyini bildirib. Gələcək nəsillərə örnək olan bu guşənin təşəbbüskarlarına minnətdarlığını çatdırıb. Sonda şəhid ailələri övladlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan guşənin təşəbbüskarı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, guşənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə bir daha dərin minnətdarlıqlarını bildiriblər. Guşə ilə bağlı fikirlərini bölüşüblər. 1-ci hissə
2-ci hissə
3-ci hissə
GOYEZEN.AZ
Geri qayıt |